00:00:00
Yazar
Zəhra Həsənova
08.03.2026 12:16 22 5 dəq oxuma
Sosial

Hər gün qadınların günüdür

Hər gün qadınların günüdür

8 Mart - International Women’s Day dünyada qadınların hüquqlarını, zəhmətini və cəmiyyətdəki rolunu xatırladan xüsusi gün kimi qeyd olunur. Lakin bir çox insan hesab edir ki, qadınlara hörmət və sevgi yalnız bir günlə məhdudlaşmamalıdır. Çünki qadın ailənin dayağı, cəmiyyətin isə gələcəyini yetişdirən ən böyük gücdür.

 

Paytaxt sakinləri də düşünür ki, qadınların dəyəri hər gün hiss olunmalıdır.

 

“Ana olmaq həm güc, həm də böyük məsuliyyətdir”

 

Paytaxt sakini Aysel Məmmədova deyir ki, qadın həyatın hər sahəsində güclü olmağı bacarır:

 

“Qadın olmaq bəzən çətin olsa da, eyni zamanda çox qürurvericidir. Ana olmaq isə tamam başqa bir hissdir. Sən artıq tək özün üçün yox, övladın üçün yaşayırsan, onunla nəfəs alırsan, onunla bərabər böyüyürsən, dırnağına zərər gəlsə, incinirsən. Yalnız öz övladın yox, gördüyün bütün uşaqların anası kimi hiss edirsən. Məncə qadınların ən böyük gücü onların övladlarıdır. Qadın övladı üçün həm ana həm də, ata ola bilir. Və hər nə olur olsun, ailəni ayaqda saxlayan məhz qadındır".

 

Aysel xanım hesab edir ki, qızların ilk qəhrəmanı atalarıdır:

 

“Uşaqlar atalarına necə baxırsa, gələcəkdə qadınlara da elə yanaşacaqlar. Ona görə düşünürəm ki, qadına hörmət ilk növbədə evdə başlamalıdır. Ata anaya necə hörmətlə yanaşsa, qız sevinir və atası onun qəhrəmanı olur, axı atalar qızlarının ilk qəhrəmanıdır. Oğlan uşağı isə gələcək yoldaşına öz atasından görüb-götürdüyü kimi davranır”. 

 

“Qadınlar artıq daha inamlıdır”

 

Gənc tələbə Nigar Əliyeva isə deyir ki, son illərdə qadınların cəmiyyətdə rolu daha da güclənib:

 

“İndi qızlar daha çox oxuyur, özlərini inkişaf etdirir və öz fikirlərini açıq şəkildə ifadə edirlər. Çünki öz ayaqları üzərində durmağa çalışırlar. Xanımlar təhsili olsalar, onların övladları da təhsilli olacaq cəmiyyət belə inkişaf edir. Qadın susmamalı, öz fikrini sərbəst ifadə etməlidir".

 

Nigar düşünür ki, qadınların dəyəri yalnız bayram günlərində deyil, hər zaman xatırlanmalıdır:

 

“Əlbəttə, 8 Mart çox gözəl gündür. Amma məncə qadınlara sevgi və hörmət hər gün göstərilməlidir. Qadın gül kimidir tez incinir, ona hər zaman qayğı və dəyər göstərmək lazımdır, söhbət yalnız hədiyyədən getmir, xoş sözdən gedir. Hər gün qadınlar dəyərlidir, bizsiz bir dünya mövcud ola bilməz, eyni zamanda, qadınların zəhməti bir günlə ölçülə bilməz".

 

“Qadına hörmət kişiliyin göstəricisidir”

 

Gənc sakin Murad Hüseynov isə hesab edir ki, qadınlara hörmət göstərmək hər bir kişinin borcudur:

 

“Biz analarımızın əməyi ilə böyüyürük. Mən anam və bacımın əhatəsində böyümüşəm. Qadınların necə incə ruhlu və zəhmətkeş olduqlarını bilirəm. Düşünürəm ki, xanımları hər addımında dəstəkləmək, yanlarında olmaq lazımdır. Qadına hörmət etmək sadəcə bir davranış deyil, bu insanlıqdır. Mən düşünürəm ki, qadına hörmət edən kişi daha güclü və daha mədəni insan sayılır".

 

Murad deyir ki, qadınlar cəmiyyətin inkişafında mühüm rol oynayır:

 

“Bu gün qadınlar həkimdir, müəllimdir, jurnalistdir, rəhbərdir. Onlar hər sahədə uğur qazanırlar. Mənim bacım və anam özlərini daim inkişaf etdirir mən bundan qorxmuram, əksinə dəstək oluram. Məncə buna görə qadınların gücünü və zəhmətini hər zaman qiymətləndirmək lazımdır".

 

“Qadın həyatın özüdür”

 

Bütün bu fikirlər bir məqamı göstərir: qadın yalnız bir bayramın qəhrəmanı deyil. O, ailənin sevgisi, cəmiyyətin dayağı və gələcəyin qurucusudur.

Cəmiyyətimizdə qadınlara hörmət in uşaqlara öyrədilməsi ilə bağlı Bakı Dövlət Universitetinin müəllimi Sevinc Muğanna vurğulayıb ki, qadınlara hörmət, ən birinci ata evimizdə, körpə ikən qadına hörmət qoyulmalıdır:

 

“ Ümumiyyətlə, uşaqlara şəxsiyyət kimi yanaşılmalı və bəzi Azərbaycan ailələrində təəssüflər olsun ki, bunu yerinə yetirmirlər. Xüsusən də qız uşaqlarına ən kiçik yaşlarından xanım olaraq yanaşmaq lazımdır. Balaca oğlan uşaqlarına isə kişi olaraq yanaşmaq lazımdır və hörmət eləmək lazımdır. Hörmət təbii ki, birinci ata ocağından, qeyd etdiyim kimi, atadan başlayır. daha sonra öhdəlik keçir müəllimlərə, xanımın qiyməti bilinməlidir. Qadına ən başlıcası gələcəyin anası olması aşılanmalıdır. Bu barədə məlumatlar verilməlidir və nəyə görə qadın müqəddəsdir? Qadın ona görə müqəddəsdir ki, qadın gələcəyin anasıdır”. 

 

O cümlədən, Sevinc Muğanna dəyərli fikirlərini bizimlə bölüşüb, şiddətdən kənar hörmət və sevgi ən başlıcası bunlardır: 

 

“Hörmət və sevgi olan yerdə isə ruzu da olur, bərəkət də olur, xoşbəxtlik də olur".

 

Sevinc Muğanna vurğulayıb ki, son illərdə qadınların cəmiyyətdəki rolu müsbətə doğru dəyişib daha çox xanımlarımızda, özgüvən yaranıb və təhsil alan xanımlarımızın sayı çoxdur bu məni çox sevindirir:

 

“ Yalnız bir şeyə təəssüf edirəm ki, boşanma hallarının səviyyəsi çoxalıb, yəni daha çox rast gəlirik, boşanmış xanımlara və istəməzdim belə olsun. Bu bizim ən yaralı tərəfimizdir və mənə elə gəlir ki, bu da bütövlükdə günahı kişilərin də üstünə atmaq olmaz. Təbii ki, burada yarıbayarıdır yenə deyirəm, bütün bunların səbəbini ən birinci uşaqların yetişdirildiyi ailələrdə görürəm. Ailə və məktəb əlbir olmalıdır və indinin uşağı, gələcəyin gəncini, anasını və yaxud da ki, atasını yetişdirməyi bacarmalıdır“. 

 

Qadınların hüquqlarının qorunmasının cəmiyyətin inkişafında rolu ilə bağlı deputat Elman Nəsirov bildirib ki, qadınların hüquqlarının hansı səviyyədə qorunması həmin cəmiyyətin və həmin cəmiyyətdə demokratiyanın inkişafının bir göstəricisidir:

 

 

“ Ümumiyyətlə, demokratiya sonsuz bir prosesdir, orada son nöqtə yoxdur. Hansı dövlət desə ki, o demokratiyanın son mərhələsindədir, bu yanlış yanaşmadır, onun pik nöqtəsi yoxdur. Bu bir prosesdir və hər bir dövlət həmin sonsuz prosesin müəyyən mərhələsində ola bilir. Azərbaycanda demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan hüquq və azadlığın müdafiə sahəsində sistemli addımlar atılır və biz bu yolla gedirik. Bu yolun əsasını ulu öndər Heydər Əliyev qoyub və ölkə Prezidenti cənab İlham Əliyev bu sahədə də, Ulu Öndərin siyasətini davam etdirir və qadınların hüquqlarının qorunması istiqamətində ardıcıl və sistemli addımlar atılır və bu istiqamət üzrə, hətta  dövlətin müvafiq komitəsi də fəaliyyət göstərir. Parlamentdə, parlament seçkilərində qadınların xüsusi çəkisi, seçkilərdə qadın deputatların sayının artması diqqətdən yayınmır. Eyni zamanda, sonuncu bələdiyyə seçkilərində ən böyük faiz gənclərə bir də  qadınlara aid idi. Onlar daha böyük etimad qazanmışdılar".

 

Bütün bu fikirlər bir həqiqəti bir daha xatırladır: qadın yalnız bir bayramın qəhrəmanı deyil. O, ailənin sevgisi, evin istiliyi, cəmiyyətin isə görünməyən, amma ən möhkəm dayağıdır. Bir ana kimi övlad böyüdən, bir qız kimi xəyallar quran, bir bacı kimi qayğı göstərən qadın həyatın özünü yaşadan gücdür. Ona görə də, qadınlara dəyər vermək üçün xüsusi gün gözləməyə ehtiyac yoxdur. Çünki əslində qadınların günü yalnız 8 Mart deyil, ilin hər günüdür.

 

Reyhan Quliyeva

#hər #azərbaycan #baki #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər