00:00:00
Yazar
Ayan Sədi
03.07.2026 21:36 71 3 dəq oxuma
Sosial

Hərbi liseyə qəbul: İntizam, psixoloji hazırlıq və gələcək karyera

Hərbi liseyə qəbul: İntizam, psixoloji hazırlıq və gələcək karyera

Son illərdə bir çox gənclər doqquzuncu sinifdən sonra hərbi liseylərə qəbul olmağa üstünlük verir. Bu seçim həm xarakterin formalaşmasına, həm də gələcək hərbi karyeranın təməlinin qoyulmasına təsir edən mühüm mərhələ hesab olunur.

 

Mövzu ilə bağlı uzman psixoloq-psixoterapevt Səbinə Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, Hərbi liseyə qəbulda psixoloji hazırlıq da fiziki hazırlıq qədər vacibdir və yeniyetmə bu seçimi öz istəyi ilə etməlidir:

 

“Hərbi liseyə qəbul olmaq istəyən yeniyetmənin psixoloji hazırlığı fiziki hazırlığı qədər vacibdir. Çünki hərbi mühit yüksək intizam, məsuliyyət, qaydalara əməl etmə, kollektivlə işləmə bacarığı və çətin vəziyyətlərdə soyuqqanlı qərar verməyi tələb edir. İlk növbədə, yeniyetmənin bu seçimi öz istəyi ilə edib-etmədiyi müəyyənləşdirilməlidir. Qərar daha çox valideynlərin və ya ətrafın istəyi ilə verildikdə, sonradan peşəyə marağın azalması və yeni mühitə uyğunlaşmaqda çətinliklər yarana bilər. Bununla yanaşı, onun stresli vəziyyətlərdə davranışı, emosiyalarını idarə etməsi, məsuliyyət hissi, tənqidə münasibəti, problem həll etmə bacarığı və kollektivdə ünsiyyət qurmaq qabiliyyəti də qiymətləndirilməlidir”.

 

Psixoloq vurğulayıb ki, psixoloji hazırlığı yüksək olan yeniyetmələr hərbi mühitə daha asan uyğunlaşır və gələcək xidmətlərində daha uğurlu olurlar:

 

“Psixoloji tədqiqatlar göstərir ki, yeniyetməlik dövründə formalaşan özünüidarəetmə bacarıqları, emosional dözümlülük və daxili motivasiya gələcək uğurun mühüm amillərindəndir. Bu xüsusiyyətləri inkişaf etmiş yeniyetmələr yeni qaydalara daha asan uyğunlaşır, çətinliklər qarşısında daha davamlı olur və üzərlərinə düşən məsuliyyəti daha uğurla yerinə yetirirlər. Hərbi lisey gələcək peşəyə hazırlıq mərhələsi olmaqla yanaşı, şəxsiyyətin formalaşmasına da ciddi təsir göstərən bir mühitdir. Buna görə də qəbul prosesində psixoloji hazırlığın peşəkar şəkildə qiymətləndirilməsi həm yeniyetmənin sağlam inkişafı, həm də gələcək hərbi fəaliyyətində uğurlu olması baxımından böyük əhəmiyyət daşıyır”.

Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov da öz fikirlərini “İnformator.az”la paylaşıb. V. Əzizov bildirib ki, Hərbi liseylər şagirdlərin intizamlı və məsuliyyətli yetişməsinə, gələcək zabit kimi formalaşmasına mühüm töhfə verir:

 

“Son illərdə bir çox gənclərin doqquzuncu sinifdən sonra hərbi liseylərə qəbul olmağa üstünlük verməsi təsadüfi deyil. Bu təhsil müəssisələri şagirdlərə həm keyfiyyətli təhsil verməyi, həm də intizamlı, məsuliyyətli və vətənpərvər şəxsiyyət kimi formalaşdırmağı qarşısına məqsəd qoyur. Məncə, hərbi liseylər gələcəyin peşəkar zabitlərinin hazırlanmasında mühüm və əhəmiyyətli rol oynayır”.

 

Vüsət Əzizov vurğulayıb ki, hərbi liseylər erkən yaşlardan intizamlı, məsuliyyətli və peşəkar hərbçi yetişdirilməsi üçün mühüm təməl rolunu oynayır:

 

“Əvvəla, hərbi liseylərdə şagirdlər erkən yaşlardan nizam-intizama, məsuliyyət hissinə və kollektivdə işləmək bacarığına yiyələnirlər. Bu keyfiyyətlər zabit peşəsinin əsas tələblərindəndir. Fiziki hazırlıq, psixoloji dözümlülük və liderlik bacarıqlarının inkişaf etdirilməsi də onların gələcək xidmət həyatına daha hazırlıqlı başlamasına şərait yaradır. Bundan əlavə, bu liseylərdə təhsil alan şagirdlər hərb sahəsi haqqında nəzəri və praktik biliklər əldə edirlər. Bu isə ali hərbi məktəblərə qəbul zamanı onlara üstünlük qazandırır və gələcək peşələrini daha şüurlu şəkildə seçmələrinə kömək edir. Erkən yaşlardan hərbi mühitdə formalaşan gənclər xidmət zamanı qarşılaşacaqları çətinliklərə daha tez uyğunlaşırlar. Lakin hərbi liseylərin uğuru yalnız intizamla ölçülməməlidir. Müasir dövrdə peşəkar zabit yüksək intellektə, analitik düşüncəyə, müasir texnologiyalardan istifadə bacarığına və xarici dil biliklərinə də malik olmalıdır. Buna görə də hərbi liseylər ümumi təhsil fənlərinin yüksək səviyyədə tədrisinə, informasiya texnologiyalarına və xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirməlidirlər”.

 

Təhsil eksperti bildirib ki, hərbi liseylər peşəkar zabitlərin hazırlanmasına mühüm töhfə verir və gələcək hərbi xidmət üçün möhkəm təməl yaradır:

 

“Nəticə olaraq hesab edirəm ki, hərbi liseylər gələcəyin peşəkar zabitlərinin hazırlanmasında öz rolunu böyük ölçüdə effektiv yerinə yetirir. Onlar gənclərdə vətənpərvərlik ruhunu, məsuliyyət hissini və liderlik keyfiyyətlərini formalaşdırmaqla yanaşı, gələcək hərbi təhsil və xidmət üçün möhkəm təməl yaradır. Tədris proqramları müasir tələblərə uyğun daim yeniləndiyi təqdirdə, bu müəssisələrin ölkənin peşəkar zabit korpusunun hazırlanmasına töhfəsi daha da artacaq”.

Aydan Əsgərxanlı

#hazırlıq #azərbaycan #yeni #qəbul:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər