00:00:00
Yazar
Səadət Əlizadə
09.10.2026 20:47 128 3 dəq oxuma
Siyasət

Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb

Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri Esad Həsən aş-Şeybani ilə görüşüb.



Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, ötən gün keçirilən görüşün detalları hələ rəsmi şəkildə açıqlanmadığından, bütün məsələləri razılaşdırılmış gündəlik kimi təqdim etmək olmaz:

 


“Bununla belə, Türkiyə və Suriya arasında son təmaslar bir neçə istiqamətin xüsusi əhəmiyyət daşıdığını göstərir”.

 


Politoloq bildirir ki, birinci və ən həssas məsələ Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin (SDF) yeni dövlət strukturlarına inteqrasiyasıdır:


“Ankara bu prosesin vaxtında və real nəticələrlə həyata keçirilməsini, silahlı qrupların Türkiyənin milli təhlükəsizliyinə təhdid yaratmamasını istəyir. Dəməşq üçün isə əsas məsələ ölkənin ərazi bütövlüyünün qorunması, silahlı qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi və mərkəzi hakimiyyətin bütün ərazilərdə səlahiyyətlərinin bərpasıdır”.

 


Politoloq ikinci istiqamətin İŞİD-ə qarşı mübarizə və kəşfiyyat məlumatlarının mübadiləsi olduğunu bildirir:

 

“Suriyada təhlükəsizlik boşluqlarının yaranması terror təşkilatlarının yenidən fəallaşması, həbs düşərgələri və məhbusların saxlanıldığı obyektlər üzərində nəzarətin zəifləməsi riskini artırır. Buna görə Ankara ilə Dəməşq arasında təhlükəsizlik koordinasiyasının genişləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur”.

 

Digər mühüm məsələ İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyəti və bunun regional sabitliyə təsiri olduğu bildirilib:

 


“Türkiyə Suriyanın suverenliyinin qorunmasında, Dəməşq isə təhlükəsizlik təhdidlərinin azaldılmasında və ölkənin müdafiə imkanlarının bərpasında maraqlıdır. Bundan əlavə, ABŞ sanksiyalarının yumşaldılması və ya ləğvinin Suriyanın iqtisadi bərpasına, dövlət institutlarının möhkəmlənməsinə və müdafiə qabiliyyətinə mümkün təsirləri də müzakirə olunan məsələlər sırasındadır”.

 


Rəşad Bayramovun fikrincə, Ankara ilə Dəməşq arasında koordinasiyanın güclənməsi Suriyada mərkəzi hakimiyyətin mövqelərinin möhkəmlənməsinə və ölkənin vahid dövlət strukturları ətrafında birləşdirilməsi səylərinə təsir göstərə bilər:

 


“Türkiyə üçün Suriyada sabitliyin təmin olunması sərhəd təhlükəsizliyi ilə yanaşı, qaçqınların könüllü və təhlükəsiz qayıdışı, ticarət əlaqələrinin bərpası və regional nəqliyyat marşrutlarının inkişafı baxımından da əhəmiyyətlidir. O bildirir ki, bununla belə, SDF-nin inteqrasiyası, İsrailin hərbi addımları və Suriyanın gələcək idarəetmə modeli ilə bağlı fikir ayrılıqları prosesin mürəkkəbliyini qoruyur. ABŞ-nin Suriyadakı mövqeyi də mühüm amildir”.

 


Əlavə olaraq politoloq qeyd edib ki, Türkiyə–Suriya dialoqunun nəticələri yalnız iki ölkənin razılaşmalarından deyil, Vaşinqtonun və digər regional aktorların yanaşmalarından da asılı olacaq:

 


“Türkiyənin Suriya siyasətindəki dəyişikliklərə gəldikdə isə əsas dəyişiklik Ankaranın Suriyaya münasibətdə hərbi təhlükəsizlik məsələləri ilə yanaşı, diplomatik koordinasiyaya, dövlət institutlarının bərpasına və iqtisadi inteqrasiyaya daha çox diqqət yetirməsidir”.

 


Nəticə olaraq bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sentyabrda Dəməşqə səfəri, ardınca oktyabrda suriyalı həmkarı ilə Ankarada görüşü bu intensiv dialoqun davam etdiyini göstərir:

 


“Ankara Suriyada təhlükəsizlik maraqlarını qorumaqla yanaşı, qonşu ölkədə siyasi sabitliyin və işlək dövlət institutlarının formalaşmasına təsir göstərməyə çalışır. Bu strategiyanın nəticəsi təhlükəsizlik sahəsində əldə ediləcək razılaşmaların, SDF-nin inteqrasiyasının və Suriyanın ərazi bütövlüyünün nə dərəcədə təmin olunacağından asılı olacaq. Görüşün əhəmiyyəti də məhz diplomatik təmasların konkret və davamlı nəticələrə çevrilməsi perspektivindədir”.



Səadət Əlizadə

#hakan #xarici #yeni #suriyanın #görüşüb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər