00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 20:15 25 3 dəq oxuma
Siyasət

Hakan Fidan Pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib

Hakan Fidan Pakistanlı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib

 

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Pakistan XİN rəhbəri Məhəmməd İshaq Dar ilə telefonla danışıb. Tərəflər ABŞ-İran danışıqları, İslamabadda aparılan müzakirələr və atəşkəs prosesini müzakirə ediblər. Dialoqun davam etdirilməsi və regional sabitliyin qorunması vurğulanıb. Pakistanın vasitəçilik rolu müsbət qiymətləndirilib və diplomatik əməkdaşlığın gücləndirilməsi barədə razılıq ifadə olunub.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı “İnformator.az”a bildirib ki, İran, Amerika və İsrail arasında başlanan bu münaqişə qonşu və regionda yerləşən dövlətləri, əlbəttə ki, narahat etməyə bilməz:

 

“Çünki istər-istəməz savaş bizim bölgəmizdə, bizim coğrafiyamızda gedir. Savaşın törətdiyi fəsadlar mütləq həmin dövlətlərə də təsir göstərir. Bu vəziyyət dünyanın həm iqtisadi, həm də siyasi balansını alt-üst edir. Buna görə də əldə edilmiş atəşkəs razılaşmasının bir an öncə davamlı sülh prosesinə çevrilməsi vacibdir. Xüsusilə, Türkiyə bu bölgənin söz sahibi olan ən böyük dövlətlərindən biri olduğu üçün bu proses onun maraq dairəsindədir. Türkiyə bu sülhün təmin olunmasında ciddi marağı olan dövlətlərdəndir. Bildiyimiz və görünən, eləcə də görünməyən diplomatik proseslərdə Türkiyə hər zaman bu sülhün tərəfdarı olub və onun təmin edilməsi üçün əlindən gələni edib. Azərbaycanın mövqeyinə gəldikdə isə, İran münaqişəsində Azərbaycan dövlətinin bu böhranı düzgün idarə etməsi və zərər görmədən prosesdən çıxması cənab Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Pakistan isə həm Türkiyənin, həm də Azərbaycanın ən yaxın dost və müttəfiq dövlətidir. Mən əminəm ki, İran münaqişəsinin sülh yolu ilə həllində Pakistan Türkiyə ilə birgə hərəkət edəcək”.

 

Müsahibin sözlərinə görə, Türkiyənin mövqeyi bu prosesdə olduqca önəmlidir:

 

“Bu baxımdan Pakistanın üzərinə götürdüyü vasitəçilik missiyası həm Türkiyənin, həm də Azərbaycanın vasitəçilik mövqeyi kimi dəyərləndirilə bilər. Bu, bölgəyə sülhün gəlməsini istəyən bütün dövlətlərin arzusudur və qazanc hesab olunur. Mən Pakistanın bu vasitəçilik missiyasını yüksək qiymətləndirirəm və əminəm ki, Türkiyə bu sülhün təmin olunmasında mühüm və vacib rol oynayır. Bu sülhün uzunmüddətli olmasının bölgə üçün əhəmiyyəti böyükdür. Azərbaycanın da bu prosesdə marağı var, çünki İran ərazisində soydaşlarımız yaşayır. Azərbaycan dövləti bu məsələdə humanitar yardım göstərməklə məsuliyyətli mövqe sərgiləyib. Bu, həm qonşuluq münasibətlərindən, həm də soydaşlıq amilindən irəli gəlir. Arzu edirik ki, bu sülh qalıcı olsun. Çünki ABŞ-də də bu müharibəyə qarşı ciddi etirazlar mövcuddur və bu savaş Amerikanın beynəlxalq nüfuzuna ciddi zərbə vurub. İsraildə də əhali arasında narazılıq artıb və münaqişə hər iki tərəfə ciddi ziyan vurub”.

 

“Ümumilikdə, harada münaqişə və müharibə varsa, ən böyük zərbəni dinc əhali alır. Mülki insanlar böyük əziyyət çəkir. Buna görə də bu münaqişə bir an əvvəl dayandırılmalı və qalıcı sülhə çevrilməlidir. Bunun üçün Türkiyə, Pakistan, Azərbaycan, İran və regionda yerləşən bütün dövlətlər maraqlı olmalıdırlar” , - deyə deputat fikirlərini yekunlaşdırıb.

 

Mələk Hüseynova

#danışıqlarını #həmkarı #baki #pakistanlı #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər