Hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür?
Cəmiyyətdə geniş yayılmış düşüncələrdən biri budur ki, hüquqi problem yaranan kimi yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Halbuki Azərbaycan qanunvericiliyi bir çox hallarda mübahisələrin məhkəməyə getmədən, daha sürətli və daha az xərcli üsullarla həllini mümkün hesab edir.
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev “İnformator.az” a açıqlamasında bildirib ki, məhkəmə mübahisənin son həll edilmə yeridir:
“İnsanların mübahisələrini əvvəlcə öz aralarında həll etməyə çalışmaları daha yaxşı praktikadır və bunun müəyyən mərhələləri var. Əvvəlcə tərəflər öz aralarında razılığa gəlməyə çalışırlar. Əgər razılıq əldə olunmazsa, bununla bağlı mediatorun iştirakına müraciət edirlər. Bu şəkildə əldə olunan razılaşmaların icra edilmə ehtimalı daha yüksək olur. Məhkəmədə işi udmağınız hələ qərarın problemsiz icra ediləcəyi demək deyil. İnsanlar öz aralarında razılığa gəldikdə isə adətən həmin razılaşmanı pozmurlar. Təbii ki, danışıqların peşəkar şəkildə aparılması daha məqsədəuyğundur. Bu zaman vəkillərdən və hüquqşünaslardan istifadə etmək olar. Əgər tərəflər öz aralarında razılığa gələ bilməsələr və məsələ məhkəməyə çıxarılsa, müəyyən risklər yaranır. Ailə və əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl danışıqların aparılması məcburidir. Digər məsələlərdə isə danışıqlar məcburi xarakter daşımır. Vətəndaşlar mediator olmadan da öz aralarında danışıqlar apara bilərlər”.
Selcan Xudiyeva
