Havanın hərarəti yeni rekordunu yaşadı
İyulun 4-ü qlobal orta temperatur göstəricisinin 17,18 dərəcə olduğu tarixdə ən isti gün olub. Bundan bir gün öncə iyulun 3-də isə temperatur rekordu 24 saat ərzində yenidən qırılıb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ meteoroloji xidmətinin məlumatına görə, qlobal orta temperatur göstəricisinin 17,01 dərəcə ilə ölçüldüyü iyulun 3-ü ən isti gün kimi qeydə alınıb. Dünya temperatur rekordu 24 saat ərzində yenilənib və iyulun 4-də qlobal orta temperatur Selsi üzrə 17,18 dərəcəyə çatıb.
İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin təsirlərinin güclənməsi ilə hava istiliyi artsa da, elm adamları xüsusilə önümüzdəki 6 həftə ərzində temperatur rekordlarının yenidən görünə biləcəyi barədə xəbərdarlıq edir.
Qeyd edək ki, Dünya Meteorologiya Təşkilatı da dünən El Nino şəraitinin başladığını və temperatur artımlarının sürətlənə biləcəyini açıqlayıb. El Nino Sakit Okeanda ekvatorda uzanan su zolağının vaxtaşırı istiləşməsidir. Bu, El Nino-Cənub Salınması (ENSO) adlı iqlim modelinin iki mərhələsindən biridir. El Nino zamanı Sakit Okeanın mərkəzi və şərqində isti su yığılır.
Bundan əvvəl, ən son qlobal orta temperatur göstəricisi 2016-cı ilin avqust ayında 16,9 dərəcə Selsi səviyyəsində müşahidə olunub.
Aydan Qasımova
