Həkim məsləhəti olmadan ağrikəsicilərdən istifadə etmək doğrudur?
“Başın ağrıyır? Bu ağrıkəsicini iç, düzələcək”. Gündəlik həyatımızda bu sözləri tez-tez eşidirik. Düzdür, ağrıkəsicilər müəyyən müddətlik ağrımızı azaldır. Amma onların həkim tövsiyəsi olmadan qəbul edilməsi sağlamlığımıza bir sıra problemlər yarada bilər.
Təəssüf ki, bu gün ölkəmizdə dərmanların reseptsiz halda satışı mümkündür. Məsələnin belə olması, həkimlər arasında da ciddi narahatlıq yaradır. Terapevt Aynur Muxtarova deyir ki, ağrıkəsicilərin həkim tövsiyəsi olmadan qəbul edilməsi dərmanın orqanizmdə əks təsirinə səbəb ola bilər. Belə olduqda ağrı azalmaq əvəzinə daha da şiddətlənir, bir növ maskalanaraq xəstəliyin daha da şiddətlənməsinə gətirib çıxarır. Mədə yaralarının, mədə xoralarının əmələ gəlməsinə, mövcud xoraların isə qanamasına səbəb olur. Bununla yanaşı, qeyri-steroid iltihab əleyhinə dərmanlar (ən çox ağrıkəsici kimi istifadə olunan preparatlar) qaraciyərə də ciddi zərər vurur.
Unutmayaq ki, ağrıkəsicilər mövcud problemi həll etmir, ağrını müəyyən müddətlik azaldır. Ona görə də çalışaq, hər dərdin çarəsini ağrıkəsicilərdə axtarmayaq.
Nəzrin Malik
