HƏMAS: Zərbələr mövqeyimizi dəyişməyəcək
HƏMAS İsrailin hücumlarına münasibət bildirib. Hərəkatın nümayəndələri bəyan ediblər ki, həyata keçirilən hava zərbələri onların mövqeyinə təsir göstərməyəcək və danışıqlardakı tələbləri dəyişməz qalacaq. Onların sözlərinə görə, bütün təzyiqlərə baxmayaraq, təşkilat öz mövqeyini qoruyacaq.
Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail və Həmas arasındakı müharibənin taleyi mürəkkəbdir:
"Çünki hər iki tərəfin mövqeyi qətidir. Humanitar böhran da kəskinləşməkdədir. İsrailin Yəməni vurması, baş nazir də daxil olmaqla nazirlər kabinetinin demək olar ki, tamamını öldürməsi, eyni zamanda Qətərdə Həmas liderlərinə qarşı raket hücumları böhranın beynəlxalq səviyyədəki gərginliyini daha da artırıb. İsrailin zərbələri Həması daha da barışmaz edir. İsrailə də bu lazımdır. Əslində İsrail sülh və atəşkəsin olmasını istəmir. Əgər atəşkəs olarsa Qəzzanı tam işğal edə, əhalini köçürə bilməz. Ona bəhanə kimi Həmasın lokal hücumları vacib lazımdır. Qərb ölkələrinin vasitəçiliyi də effekt vermir. Əslində İsrail heç bir beynəlxalq təzyiqə məhəl qoymur. ABŞ-nin mövqeyi də İsraillə demək olar eynidir. Danışıqlar və atəşkəs müvəqqəti xarakter daşıyacaq əgər baş tutsa belə. Münaqişəsinin biryolluq həlli lazımdır. Bunun üçün də Fələstinin dövlət kimi tanınması vacibdir".
Ekspert həmçinin bunu da bildirib ki, Fransa bu barədə artıq öz mövqeyini ortaya qoyub:
"Ümumiyyətlə bu müharibənin aqibəti yalnız İsrailin durması ilə həll oluna bilər. Əgər İsrail dağıdıcı hücumlarına son qoymasa Həmas bir nəfəri qalana qədər mübarizə aparacaq. Onun üçün də İsrailə qarşı ciddi beynəlxalq təsirlər lazımdır. Bununla paralel Fələstin dövlətinin tanınması aktuallığını qorumalıdır. Qəzzada humanitar problemin dərinləşməsi beynəlxalq təşkilatları hərəkətə keçirməli, Avropa İttifaqı ölkələri İsrailə təsirli addımlar atmalıdırlar. Bu məsələdə Türkiyənin mövqeyi ən sağlam olanıdır. Bir an öncə atəşkəsin əldə olunaraq danışıqlara başlanması vacibdir. Digər yandan isə münaqişənin həmişəlik həlli üçün BMT-nin qətnamələri əsasında Fələstin dövləti tanınmalıdır".
Güllər Gülhüseynova