Hörmüz boğazında risk böyüyür: Londonun qərarı geosiyasi tarazlığı dəyişə bilər
Yaxın Şərqdə artan gərginlik beynəlxalq təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr regionun strateji əhəmiyyətini bir daha ön plana çıxarıb. Belə bir şəraitdə Böyük Britaniya hökumətinin ABŞ-yə öz hərbi bazalarından istifadə etməyə icazə verməsi beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu qərar, həm regional təhlükəsizlik risklərinin artması, həm də İran ilə bağlı hərbi-siyasi gərginliyin dərinləşməsi fonunda xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a bildirib ki, Böyük Britaniyanın belə bir addım atacağı əslində gözlənilən idi:
“Son günlərdə Donald Tramp tez-tez Avropadakı müttəfiqlərini ən sərt şəkildə tənqid edirdi və burada daha çox Britaniyanın adını çəkirdi, Britaniya hökumətinə ünvanlanan fikirlər səsləndirirdi. Bu da təsadüfi deyil, çünki Amerika və Britaniya daim Avropada ən yaxın müttəfiq ölkələr hesab olunub. 2003-cü ildəki İraq əməliyyatlarında da, Əfqanıstan əməliyyatlarında da Britaniya tərəfi canfəşanlıqla iştirak etmişdi. Bəlkə də onun üçün gec qərar verdilər. İlk günlərdən belə bir qərar versəydilər, heç də təəccüblü görünməzdi”.
Siyasi şərhçi əlavə edib ki, bu qərarın kifayət qədər ciddi nəticələri ola bilər:
“Görünən odur ki, İrana qarşı çıxacaq ölkələrin sayı bundan sonra da artmağa doğru gedəcək. Avropa İttifaqının digər ölkələri də yavaş-yavaş bu prosesə qoşula bilər. Hesab edirəm ki, bu da Amerika və müttəfiqlərinin qələbəsini reallaşdıra bilər. Amma istənilən halda, belə bir qərarın verilməsi müharibənin bir neçə gün ərzində bitməsi anlamına gələ bilməz. Bundan sonra İran Britaniyanın səfirliklərini, eləcə də Britaniyaya daha yaxın müttəfiq olan ölkələrin bazalarını vurmaq üçün hərəkətə keçə bilər”.
Cavanşir Abbaslı beynəlxalq hüquq məsələsinə də toxunub:
“Beynəlxalq hüquq çoxdan pozulub. Artıq dünyada beynəlxalq hüquqa əməl olunmadığını tam şəkildə söyləmək mümkündür. Nə qədər qəribə görünsə də, bu qərar da beynəlxalq hüququn pozulması anlamına gələn qərarlardan biridir. Biz beynəlxalq hüququn Amerikanın İraq və Əfqanıstana hücumlarında da pozulduğunu görmüşük. Hələ 1945-ci ildə Yaponiyaya atılan məlum atom bombaları ilə beynəlxalq hüququn pozulduğunu görürük. Azərbaycanla bağlı da bunu dəfələrlə müşahidə etmişik. Birinci Qarabağ müharibəsində bunun bariz şahidi olduq. Dünya da buna şahid olub. BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi ilə dünyada beynəlxalq hüququn qalmadığını görmüşük”.
Mehriban Yariyeva