00:00:00
Yazar
Zəhra Həsənova
14.07.2026 22:59 32 2 dəq oxuma
Siyasət

"Hörmüz boğazındakı gərginliyin əsas səbəbi İranın siyasətidir" - ŞƏRH

"Hörmüz boğazındakı gərginliyin əsas səbəbi İranın siyasətidir" - ŞƏRH

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM)  İran limanlarının blokadasını bərpa edəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ABŞ səbəbsiz yerə Hörmüz boğazını blokadaya almır:

 

“Donald Trampın açıqlamalarını, paylaşımlarını və müsahibələrini, eləcə də beynəlxalq medianı diqqətlə izləyirəm. Müxtəlif şərhlər səslənsə də, əsas meyar Trampın öz mövqeyidir. ABŞ İrana masa arxasında danışıqlar aparmaq və razılığa gəlmək üçün imkan yaradıb. Bu müddət ərzində Hörmüz boğazında sabitliyin qorunması gözlənilirdi. Lakin İran bu şərtlərə əməl etmədi. İddialara görə, boğaz üzərində nəzarəti bərpa etdi, keçidlərdən ödəniş toplamağa başladı və yük daşıyan mülki gəmilərə hücumlar həyata keçirdi. ABŞ bunu qəbul etmədi və nəticədə, blokada qərarı verildi. Hesab edirəm ki, İran hazırda atdığı addımların nəticələri ilə üz-üzədir. Ölkə rəhbərliyinin ABŞ və Avropa liderləri ilə bağlı sərt bəyanatları da vəziyyəti daha da gərginləşdirir”.

 

Siyasi şərhçinin sözlərinə görə, Hörmüz boğazında baş verənlərin əsas səbəbi ABŞ deyil, İranın yürütdüyü siyasətdir:

 

“Bu blokada İran iqtisadiyyatına daha ciddi zərbə vuracaq. Mən uzun müddətdir hesab edirəm ki, İran İslam Respublikası mövcud siyasi modeli ilə davam edə bilməyəcək. Gələcəkdə ölkədə fərqli siyasi quruluşun formalaşması ehtimalı var. Mən çıxış yolunu dünyəvi dövlət modelində və beynəlxalq ictimaiyyətlə normal münasibətlərin qurulmasında görürəm. Bu, dinə qarşı olmaq demək deyil. Söhbət dövlət idarəçiliyinin xarakterindən gedir. Hazırda İran həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan ciddi çətinliklərlə üzləşib. Ölkə beynəlxalq təzyiqlər altındadır və əvvəlki qədər dəstək ala bilmir. ABŞ ilə qarşıdurmada da üstünlük Vaşinqtonun tərəfindədir. ABŞ-nin İrana qarşı hərbi və siyasi təzyiqlərinin davam etməsi regionda gərginliyi artırır və bu, Azərbaycan üçün də müəyyən risklər yaradır. Bununla yanaşı, hesab edirəm ki, İran kimi Azərbaycana təhdid yaradan dövlətin zəifləməsi ölkəmizin təhlükəsizlik baxımından müsbət nəticələr verə bilər. Eyni yanaşma Rusiyaya da aiddir. Regionda bu cür təhdidlərin azalması Azərbaycanın resurslarını təhlükəsizlik problemlərinə deyil, inkişaf və iqtisadi layihələrə yönəltməsinə imkan yarada bilər”.

 

Selcan Xudiyeva

#siyasətidir" #gərginliyin #baki #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər