Husilər İsrail tankerinə raket zərbəsi endirib
Husilər Qırmızı dənizdə İsrailin neft tankerinə raket hücumu ediblər,bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bölgədə gərginlik onsuz da yüksək səviyyədədir və artmaqda davam edir:
"İsrail ətrafında baş verən hadisələr və Qəzzada həyata keçirilən soyqırım siyasəti bütün dünyanı hərəkətə gətirib. Ərəb liderləri bir qədər təmkinli davranırlar, amma İtaliya, İspaniya, Niderland kimi ölkələrdə, hətta parlamentlərdə etiraz aksiyaları və küçə yürüşləri keçirilir. ABŞ-də da bu məsələlər diqqət mərkəzindədir.İsrail hökumətinin rəhbəri Benyamin Netanyahu artıq bütün “qırmızı xətləri” keçib. Yəmənin rəsmi hökuməti Fələstin soyqırımına reaksiya vermir, amma hüsilərin hərəkatı silahlanaraq mübarizəyə başlayıb, həm soydaşlarını dəstəkləyir, həm də İsrailin işğal siyasətinə qarşı çıxır. Onlar xəbərdarlıq ediblər ki, hər hansı ölkə Qırmızı dənizdən İsrailə dəstək göndərsə, bu gəmilər hədəf ola bilər.Bu səbəbdən bölgədə ticarət əməliyyatları, gəmilərin gediş-gəlişi və İsrail limanlarına dair hərəkətlər risk altındadır. Dünyada isə fərqli münasibətlər var: Qərblilər xüsiləri terror təşkilatı sayır, amma eyni zamanda İsrailin də terror dövlət olduğunu bildirirlər. İran da deyir ki, maraqlarına təhlükə yaranarsa, Hormuz boğazını bağlayacaq; bu isə dünya neft ticarətinə ciddi təsir edə bilər.Amerika Birləşmiş Ştatları İsrailə böyük dəstək verir, silah və digər resurslar təmin edir və İsraili Yaxın Şərqdəki strateji bazası kimi saxlayır. Bu dəstək uzun illərdir davam edir. Netanyahu isə müharibələri uzadaraq yeni cəbhə xətləri açır və “yeddi istiqamətdə” terror təşkilatları ilə mübarizə apardığını bildirir. Əslində məqsəd İsrail ətrafındakı ölkələrin sabit şəkildə inkişaf etməməsini təmin etməkdir. Suriyadakı proseslər də bunu göstərir: İsrail bəzi əraziləri özünə birləşdirməyə çalışır və Böyük İsrail ideyasını həyata keçirmək niyyətindədir. Bu ideya, təxminən, Nil çayından Fərat çayına qədər olan əraziləri əhatə edir və təxminən 10 ölkənin torpaqları nəzərdə tutulur.Bölgədə əsas məsələ ərazi deyil, insan potensialıdır. Sabitliyin bərqərar olması üçün insan bacarıqları artırılmalıdır. Əks halda böyük müharibə və fəlakət ehtimalları reallaşa bilər. İsrail, Amerikanın dəstəyindən istifadə edərək bölgəni müharibə alovuna qərq etmək niyyətindədir. Bu, çox təhlükəli yoldur. İsrail hökuməti öz xalqının səsini eşitməli, xalqla arasındakı uçurumu aradan qaldırmalıdır. Hal-hazırda böyük şəhərlərdə etirazlar davam edir və insanlar bildirirlər ki, ərəblərlə barışıq olmalıdır.Lakin Netanyahu bu çağırışları eşitmir və özünü xilaskar kimi qələmə verir. Bu isə çox təhlükəli bir tendensiyadır. Əgər qarşısı alınmasa, İsrail xalqı böyük əzablarla üz-üzə qalacaq".
Qəmər Kazımzadə