İki həftə əvvəl qəzaya uğrayan kiçik təyyarədə 4 uşaq sağ tapıldı - İDDİA
Kolumbiya prezidenti Qustavo Petro mayın 1-də Amazon tropik meşələrində 7 nəfərlə birlikdə yoxa çıxan və dünən qalıqları tapılan kiçik təyyarədəki 4 uşağın gərgin araşdırmalardan sonra sağ tapıldığını iddia edib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, uşaqların ən böyüyünün 13, ən kiçiyinin isə 11 aylıq körpə olduğu öyrənilib. Prezident Petro uşaqların iki həftə ərzində sağ qalması ilə bağlı təfərrüatları açıqlamayıb.
Lakin rəsmilər hesab edir ki, uşaqlar təyyarədən qaçdıqdan sonra kömək axtarmaq üçün meşəyə doğru irəliləyiblər. Xilasedicilər uşaqları tapdıqları ərazidə bitki örtüyündən hazırlanmış müvəqqəti sığınacaq olduğunu da təsdiqləyiblər. Müvəqqəti sığınacaq ərazisindəki tullantılar uşaqların günlərlə meyvə yeyərək sağ qaldığını üzə çıxarıb.
Kolumbiya mətbuatında hələ də uşaqların tapılmadığına dair iddialar da yer almaqdadır. Bu iddialar sosial şəbəkələrdə əks reaksiyaya səbəb olub və bəzi istifadəçilər ölkə liderini yalançı ümidlər aşılamaqda ittiham ediblər.
