00:00:00
Yazar
Lalə Qafarova
22.04.2026 21:48 31 2 dəq oxuma
Sosial

İkili diplom və müasir sənaye birliyi

Azərbaycan təhsilində yeni era: Pekin Universiteti ilə strateji tərəfdaşlıq
İkili diplom və müasir sənaye birliyi

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Pekin Kimya Texnologiya Universitetinin (PKTU) rektoru Tan Tianvei ilə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı müzakirə edib. Bakı Mühəndislik Universiteti və Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq genişlənir. İkili diplom proqramlarının artırılması müzakirə olunub, həmçinin Bakı Dövlət Universiteti ilə “Kimya” ixtisası üzrə yeni müqavilə imzalanıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, bu görüş və imzalanan müqavilələr əslində bizim ali təhsil sistemimiz üçün çox ciddi bir pəncərə açır:


"BMU ilə Pekin Kimya Texnologiya Universiteti arasındakı əməkdaşlıq sadəcə iki rektorun görüşü deyil, tələbələrimiz üçün dünyanın ən nəhəng texnologiya mərkəzlərinə birbaşa çıxış imkanıdır. Kimya sənayesi, batareya texnologiyaları və "yaşıl enerji" sahəsində dünya lideri olan Çinlə qurulan bu bağ, tələbələrin köhnəlmiş dərsliklərlə deyil, müasir laboratoriya metodları ilə yetişməsinə şərait yaradacaq. Bu isə o deməkdir ki, məzunlarımız nəzəriyyə ilə kifayətlənməyib, müasir sənayenin tələblərinə cavab verən real mütəxəssis kimi formalaşacaqlar.

İkili diplom proqramı isə bu prosesin ən strateji üstünlüyüdür. Gənclərimiz Azərbaycanda təhsil alaraq həm yerli, həm də Çinin nüfuzlu texnoloji universitetinin diplomuna sahib olacaqlar. Bu, məzunlarımıza qlobal əmək bazarının qapılarını açır; onlar həm ölkəmizdə, həm də xaricdə yüksək maaşlı iş tapmaq imkanı qazanırlar. Beləliklə, "diplom xatirinə oxumaq" dövrü bitir, beynəlxalq standartlara uyğun peşəkar kadr hazırlığı dövrü başlayır.

BDU ilə imzalanan yeni müqavilə və kimya sahəsində atılan addımlar təhsilimizi "quru nəzəriyyədən" xilas etmək üçün böyük şansdır. Uzun illərdir tələbələrin məzun olduqdan sonra zavodlarda işi yenidən öyrənməli olması əsas problemimiz idi. Yeni əməkdaşlıqlar təhsil və sənaye arasındakı bu uçurumu aradan qaldırır. Tələbələr hələ oxuduğu müddətdə böyük layihələrə cəlb olunacaq, elmi kəşfləri istehsalata tətbiq etməyi öyrənəcəklər. Neft-kimya ölkəsi olaraq bizim kənardan gələn mühəndisə deyil, özümüzün yetişdirdiyimiz "beynəlxalq patentli" beyinlərə ehtiyacımız var. Bu müqavilələr həmin kadr potensialının təməl daşıdır".


Reyhan Quliyeva

#Çin #Azərbaycan #təhsil #BDU #BMU
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər