İkili vətəndaşlıq nədir və necə tənzimlənir?
İkili vətəndaşlıq bir şəxsin eyni anda iki fərqli dövlətin vətəndaşı olması ilə xarakterizə olunan hüquqi statusdur. Müasir dövrdə miqrasiya proseslərinin artması bu mövzunu daha aktual edir və müxtəlif ölkələr bu məsələyə fərqli hüquqi yanaşmalar tətbiq edir. Bəzi dövlətlər ikili vətəndaşlığı qəbul etdiyi halda, digərləri onu məhdudlaşdırır və ya tanımır. Bu fərqlilik beynəlxalq hüquqda vahid yanaşmanın olmamasını göstərir.
Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı “İnformator.az”a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı itirilir:
"İkili vətəndaşlıq (dual citizenship) şəxsin eyni vaxtda iki dövlətin vətəndaşı hesab olunmasıdır. Bu halda həmin şəxs hər iki ölkənin qanunları qarşısında hüquq və vəzifələr daşıyır. Azərbaycan qanunvericiliyi isə bu məsələyə müəyyən məhdudiyyətlərlə yanaşır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna görə, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti bir qayda olaraq tanınmır. Lakin burada 2 istisna var. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş halllar və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hal, yəni ölkə Prezidentinin sərəncamının qəbul edilməsi halı. Qanunvericiliyə görə, başqa ölkənin vətəndaşlığını qəbul edən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı itirilir. Bu zaman həmin şəxs 1 ay ərzində Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Əvvəllər, yəni 2020-ci ilə qədər belə məlumat verməyən şəxslər cinayət məsuliyyətinə cəlb edilirdi, 2020-ci ildən həmin norma ləğv edilib və hər hansı məsuliyyət nəzərdə tutulmur".
Həmçinin vəkil qeyd edib ki, ikili vətəndaşlığı olan şəxsin hər iki ölkənin vətəndaşlarına xas olan hüquqları yaranır:
"İkinci vətəndaşlıq şəxsin həm hüquqlarını genişləndirə, həm də əlavə öhdəliklər yarada bilər. Məsələn ikili vətəndaşlığı olan şəxsin hər iki ölkənin vətəndaşlarına xas olan hüquqları yaranır, onların sosial təminat və tibbi xidmətdən yararlana bilir və s. Lakin həmin şəxsin hər iki ölkə qarşısında öhdəlikləri də yaranır, məsələn Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edən şəxsin dövlət qarşısında hərbi xidmətə getmək və vergi ödəmək öhdəliyi var. Tutaq ki, ikili vətəndaşlığı olan şəxs digər ölkədə hərbi xidmətdə olubsa, Azərbaycanda da hərbi xidmətə getməyi tələb edilə bilər. Çünki Azərbaycan həmin şəxsin başqa ölkəyə mənsubiyyətini qəbul etmir. Bu baxımdan ikili vətəndaşlığı olan şəxslər üçün müəyyən problemlər ortaya çıxır və ya ikili vətəndaşlığı olan şəxs Azərbaycan vətəndaşlığından çıxmaq istəyirsə, hərbi xidmətdə olmayıbsa, lakin digər ölkədə hərbi xidmətdə olubsa, Azərbaycanda hərbi xidmətə getmədən onun vətəndaşlıqdan çıxmaq hüququ təmin edilməyəcək".
Samirə Allahverdizadə