İlham Əliyev: Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyəcək
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bundan sonra da bu mövqeyini dəyişməyəcək. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipinə söykənir.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycanın xarici siyasətində prinsipiallığın və ardıcıllığın nümayişidir:
“Azərbaycan uzun illər ərzində öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş dövlət kimi beynəlxalq hüququn əsas prinsiplərinə həssaslıqla yanaşır. Dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmasını zəruri sayır. Bu baxımdan Ukraynanın ərazi bütövlüyünə verilən dəstək hər hansı situativ siyasi qərar deyil. Bu, Azərbaycanın mövcud xarici siyasət kursundan doğan nəticədir.
Bu bəyanat həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın ikili standartları qəbul etmədiyi mesajını verir. Rəsmi Bakı hesab edir ki, beynəlxalq hüquq bütün dövlətlər üçün eyni olmalıdır. Azərbaycanın Qarabağ məsələsində sərgilədiyi prinsiplər Ukrayna məsələsində də eynilə ifadə olunur. Bu, ölkənin beynəlxalq nüfuzunu artıran və etibarlı tərəfdaş imicini gücləndirən amillərdən biridir. Beynəlxalq münasibətlər aspektindən baxıldıqda Azərbaycanın bu mövqeyi hüquqa əsaslanan dünya nizamını dəstəklədiyini göstərir. Müasir dövrdə dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı beynəlxalq təhlükəsizliyin əsas sütunlarından biridir. Azərbaycan bu prinsipə sadiqliyini nümayiş etdirməklə beynəlxalq hüququn möhkəmləndirilməsinin tərəfdarı olduğunu bir də bəyan edir. Regional siyasət baxımından isə bu mövqe Azərbaycanın balanslaşdırılmış xarici siyasətini davam etdirdiyini göstərir. Bakı müxtəlif güc mərkəzləri ilə münasibətləri qorumağa çalışsa da, özünün əsas prinsiplərdən geri çəkilməyəcəyini bildirir. Eyni zamanda Azərbaycan Ukraynaya humanitar yardım göstərən ölkələrdən biri kimi təkcə siyasi deyil, praktik dəstəyini də nümayiş etdirir. Bu da Azərbaycanın təkcə sözdə deyil, həmçinin əməldə də məsuliyyətli regional aktor olduğunu göstərir”.
Ekspert, həmçinin vurğulayıb ki, Azərbaycan-Ukrayna münasibətləri baxımından bu bəyanat qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:
“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. Hazırda Bakı da eyni prinsipial mövqeni nümayiş etdirir. Bu, gələcəkdə siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan-Rusiya münasibətlərinə gəlincə, müəyyən həssas məqamların yaranması mümkündür. Lakin Azərbaycan xarici siyasətində milli maraqları və beynəlxalq hüququ əsas götürdüyünü dəfələrlə bəyan edib. Rəsmi Bakı həm Rusiya ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı davam etdirməyə, həm də öz prinsipial mövqeyini qorumağa çalışır. Azərbaycanın son illərdə həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış diplomatiya göstərir ki, o, müxtəlif tərəfdaşlarla münasibətləri inkişaf etdirərkən suveren qərar vermək hüququnu və milli maraqlarını prioritet hesab edir. Buna görə də, bu bəyanat daha çox Azərbaycanın müstəqil xarici siyasət kursunun növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.
Fatimə Hüseynli