00:00:00
Yazar
Asiman Vəliyeva
24.02.2026 19:27 16 2 dəq oxuma
Sosial Özəl

İlkin hərbi qeydiyyat artıq rəqəmsal müstəvidə: “mygov” üzərindən yeni xidmət istifadəyə verilib

İlkin hərbi qeydiyyat artıq rəqəmsal müstəvidə: “mygov” üzərindən yeni xidmət istifadəyə verilib

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində növbəti addım atılıb.  “myGov” platformasında 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması xidməti istifadəyə verilib. Yeni xidmət vasitəsilə valideynlər övladlarını platforma üzərindən qeydiyyata sala, müraciətin icra vəziyyətini izləyə və proseslə bağlı bildirişləri elektron qaydada əldə edə biləcəklər.  Bu yenilik kağız daşıyıcıların ləğvi və dövlət xidmətlərinin tam rəqəmsal formata keçidi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində İT mütəxəssisi Elvin Həsənov bildirir ki, dövlət xidmətlərinin “myGov”üzərindən təqdim olunması həm rahatlıq, həm də təhlükəsizlik baxımından doğru istiqamətdir:

 

“ Xüsusilə, azyaşlılara aid məlumatların emalı məsələsində kibertəhlükəsizlik standartları daha ciddi tətbiq olunur.  Bu məsələdə şəxsi məlumatların qorunması üçün əsas mexanizm çoxsəviyyəli təhlükəsizlikdir. Bura məlumatların ötürülməsi zamanı şifrələmə (SSL/TLS), server vasitəsilə məlumatların şifrəli saxlanması, istifadəçi autentifikasiyası (iki mərhələli təsdiq, mobil imza və s.) və girişlərin audit jurnalları daxildir. Yəni sistemdə kim nə vaxt hansı məlumata baxıb hamısı qeyd olunur.  Azyaşlı məlumatları isə adətən ayrıca həssas məlumat kateqoriyasına daxil edilir və yalnız səlahiyyətli şəxslərin çıxışına icazə verilir.  Bundan əlavə, məlumat mərkəzlərində fiziki təhlükəsizlik, ehtiyat nüsxələmə və kiberhücumlara qarşı qoruyucu sistemlər tətbiq olunur.  Çünki platformanın məqsədi yalnız məlumatı toplamaq yox, onu qorumaqdır. Süni intellekt və avtomatlaşdırılan bu tip xidmətlərdə AI birbaşa qərar verən yox, köməkçi alət kimi istifadə oluna bilər.    Məsələn, müraciətlərin avtomatik yoxlanılması, məlumatların uyğunluğunun təsdiqi, səhv və ya uyğunsuzluqların aşkarlanması kimi proseslər avtomatlaşdırıla bilər. Amma hüquqi və inzibati qərarlar, xüsusilə , hərbi qeydiyyat kimi sahələrdə son qərar mexanizmi yenə də insan nəzarətində qalır. Yəni AI burada sürəti və dəqiqliyi artırır, amma tam qərarverici rolunda çıxış etmir. Ümumiyyətlə, müasir rəqəmsal arxitekturada qurumlar məlumatı bir-birinə e-mail və ya kağızla yox, inteqrasiya platformaları və API-lər üzərindən ötürür. Yəni sistemlər bir-biri ilə danışır. Məsələn, vətəndaşın şəxsiyyət məlumatı bir qurumdan avtomatik şəkildə digər quruma ötürülə bilər, vətəndaşdan yenidən eyni sənədi tələb etməyə ehtiyac qalmır. Bu inteqrasiya mərkəzləşdirilmiş məlumat mübadilə şəbəkələri və təhlükəsiz data kanalları üzərindən həyata keçirilir. Təbii ki, hər sorğu qeydiyyata alınır və səlahiyyət çərçivəsində icazə verilir.  Ümumiyyətlə, xidmətlərin avtomatlaşdırılması ilə vətəndaş prosesin statusunu real vaxtda görə bilir, bildirişləri elektron alır və ən əsası insan faktoru minimuma endirilir”. 
 

Ədilə Hüseynzadə

#xəbər #yeni #azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər