00:00:00
Yazar
Admin User
15.07.2023 14:04 330 2 dəq oxuma
Sosial

“İnadkarsan, həm də cəsarətli”

“İnadkarsan, həm də cəsarətli”

İl 1994, məkan Bakı Dövlət Universiteti. Və ilk tanışlıq. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq jurnalistika ixtisasına qəbul olan 12 tələbənin üç ixtisas müəllimindən biri oldu Həmid müəlim. Sevdiyimiz, çətinlik çəkdiyimiz dərslər də tədris etdi, amma nə o, bizi, nə də biz onu incitdik. Asistentimiz Lalə Hacıyeva xanımın da iştirak etdiyi imtahanların birində mənə dörd yazacağını dedi, etiraz etdim, güldü, “inadkarsan, həm də cəsarətli”, - dedi. Tale elə gətirdi ki, həmin inadkar tələbə 2004-cü ildə məhz Həmid müəllimin təşəbbüsü ilə yaradılan və 2022-ci ilə qədər müdiri, hazırda isə professoru olduğu Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında onunla həmkar oldu. Həmid müəllim yaxşı insandı öz yerində, həm də gözəl müdir idi. Qanqaraçılığı, söz-söhbəti sevməyən, mehriban olmaq üçün bütün şəraiti yaradan əsil sülh adamı. Əziz müəllimimizin Borçalının Sadaxlı kəndindən başlayan ömür yolu ona çox uğurlar gətirib. Öncə BDU-nun, sonra Moskva Ali Partiya Məktəbinin Jurnalistika fakültəsini bitirib, Marneuilidə əmək fəaliyyətinə başlayıb, Tbilisidə “Sovet Gürcüstanı” qəzetində müxtəlif vəzifələrdə işləyib, “Yurd”, “Borçalı” jurnallarının, “El qəzeti”, “Mübarizə”, “Şəfqət” qəzetlərinin baş redaktoru olub, “Əməkdə fərqlənməyə görə” və “Tərəqqi” medalına, 3-cü dərəcəli "Əmək" ordeninə, Gürcüstanın “Əməkdar jurnalisti”, o cümlədən digər mükafatlara layiq görülüb. Çoxsaylı kitabların - dərslik, dərs vəsaitləri, monoqrafiyalar və bir sıra tərcümələrin müəllifidir.
Bu gün əziz Həmid müəllimin ad günüdür. Təbrik edir, möhkəm can sağlığı arzulayıram. Müəllim daim tələbələri, yetirmələri isə müəllimləri ilə fəxr edər. Yaxşı ki, müəllimimiz, uzun müddət müdirimiz olduz, Həmid müəllim! Sizinlə qurub-yaratdığınız kafedrada eyni ortamı bölüşmək xoşdur!

 

Pərvanə İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər