00:00:00
Yazar
Elmira Ağayeva
23.04.2026 15:37 23 2 dəq oxuma
Sosial

İnternetdə anonimliyin artması hüquq pozuntularına necə təsir edir?

İnternetdə anonimliyin artması hüquq pozuntularına necə təsir edir?

İnternetdə anonimliyin geniş yayılması bəzi istifadəçilərdə məsuliyyət hissini azaldaraq hüquq pozuntularının artmasına səbəb olur.Xüsusilə saxta profillərin asan yaradılması və nəzarətin çətinliyi bu halların daha da genişlənməsinə zəmin yaradır.

 

 

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Şəhram Şəmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, ilk növbədə, anonimlik məsuliyyət hissinin zəifləməsinə səbəb olur:

 

 

“Şəxsin kimliyinin müəyyən edilməsinin çətinliyi ona hüquqazidd davranışlara daha rahat əl atmaq imkanı yaradır. Bu hal xüsusilə təhqir, böhtan, kiber cinayət və şəxsi məlumatların yayılması kimi hallarda özünü göstərir. İkinci amil cəzasızlıq illüziyasıdır. İstifadəçilər çox vaxt düşünür ki, anonim qalmaqla hüquqi məsuliyyətdən yayınmaq mümkündür. Halbuki, müasir texnologiyalar və hüquq-mühafizə mexanizmləri bir çox hallarda bu şəxsləri müəyyən etməyə imkan verir, lakin bu barədə maarifləndirmə kifayət qədər deyil. Üçüncü mühüm faktor hüquqi tənzimləmələrin və nəzarət mexanizmlərinin yetərsiz və ya gecikmiş olmasıdır. İnternet mühiti çox sürətlə inkişaf etdiyi üçün qanunvericilik bəzən bu dəyişikliklərə uyğunlaşmaqda gecikir. Bu isə hüquq pozuntularına şərait yaradır. Dördüncü olaraq,sosial və psixoloji amillər qeyd olunmalıdır. Anonimlik insanlarda “virtual cəsarət” yaradır, yəni real həyatda etməyəcəyi hərəkətləri onlayn mühitdə etməkdən çəkinmirlər. Bu da aqressiya, nifrət nitqi və digər hüquq pozuntularını artırır”.

 

 

Şəhram Şəmmədli qeyd edib ki, bundan əlavə, bəzi hallarda cəzasızlıq da bu kimi hallara yol açır:

 

 

 

“Əməliyyat və istintaq fəaliyyətinin bəzən müasir texnologiyaya uyğunlaşmasının gecikməsi və qanuna zidd davranışların qarşısının gec alınması da belə əməlləri törədənlərdə stimul yaradır. Nəhayət, platformaların idarəetmə siyasəti də təsirli rol oynayır. Bəzi sosial şəbəkələrdə moderasiya mexanizmlərinin zəif olması və ya qeyri-effektiv tətbiqi hüquqazidd kontentin yayılmasını asanlaşdırır. Nəticə olaraq, anonimlik təkbaşına hüquq pozuntularının səbəbi olmasa da, məsuliyyətin azalması, nəzarətin zəifliyi və psixoloji amillərlə birlikdə bu cür halların artmasına ciddi təsir göstərir”.

 

 

 

 

Nuray Əliyeva

#İnternet #gündəm #anonimlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər