00:00:00
Yazar
Zəhra Həsənova
27.10.2026 22:13 45 3 dəq oxuma
Siyasət

İran da nüvə silahı əldə etmək istəyir - Özlərini Şimali Koreya ilə müqayisə etdilər

İran da nüvə silahı əldə etmək istəyir - Özlərini Şimali Koreya ilə müqayisə etdilər

İranda nüvə doktrinasının dəyişdirilməsi və nüvə silahının çəkindirici vasitə kimi istifadəsi məsələsi gündəmə gəlib. 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla bildirib ki, İranın hücum strategiyasına keçidi region ölkələrinin təhlükəsizliyini təhdid edir və ABŞ ilə yeni hərbi qarşıdurma ehtimalını artırır.

 

“İranın hərbi doktrinasında dəyişiklik edilməsi ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, İran müdafiə doktrinasından hücum və asimmetrik müharibə strategiyasına keçdiyini bəyan edir. Əgər İran indiyədək əsasən müdafiə mövqeyi tutan dövlət kimi çıxış edirdisə, yeni doktrina ona digər dövlətlərə preventiv, yəni qabaqlayıcı zərbələr endirmək və zərurət yarandıqda başqa dövlətlərin ərazilərinə müdaxilə etmək imkanı verir. Bu isə region ölkələrinin təhlükəsizliyi üçün ciddi təhdid yaradır. İran 1988-ci ildə başa çatan İran-İraq müharibəsindən sonra əsasən Yaxın Şərqdəki proksi qüvvələrdən istifadə edərək rəqiblərinə öz sərhədlərindən kənarda zərbə vurmaq siyasətinə üstünlük verirdi. Lakin 2023-cü ildə Qəzzada müharibənin başlanmasından sonra İsrailin Hizbullah və HƏMAS kimi İranın dəstəklədiyi qüvvələrə qarşı əməliyyatları, eləcə də 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi İranın regiondakı mövqelərini zəiflətdi. İran yeni hərbi strategiya formalaşdırmağa başladı.

 

İranın yeni strategiyasının əsas məqsədi münaqişəni öz sərhədlərindən kənara daşımaq və əlavə bufer zonalar yaratmaqdır. 2026-cı il fevralın 28-də başlayan müharibədən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rolunun artması hərbi qərarların ölkə siyasətində üstünlük qazanmasına səbəb olub. İranın Hörmüz boğazını bağlaması da münaqişənin coğrafiyasını genişləndirmək və beynəlxalq diqqəti nüvə və raket proqramlarından yayındırmaq cəhdi kimi qiymətləndirilir. ABŞ-nin diqqətinin əsasən Hörmüz boğazının açılmasına yönəlməsi bu strategiyanın nəticələrindən biri hesab olunur. İranın hücum strategiyasını genişləndirməsi gələcəkdə İraqın, Azərbaycanın və qonşu ərəb ölkələrinin təhlükəsizliyinə təhdid yarada bilər. Beləliklə, İran regionda yeni təhlükə mənbəyinə çevrilir və bu siyasət ölkənin özünü daha böyük hərbi zərbələr qarşısında qoya bilər. Bu baxımdan, noyabr ayından etibarən ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatlara başlaması ehtimalı da irəli sürülür”.

 

Müşfiq Abdullanın sözlərinə görə, İranın nüvə proqramı ətrafında müzakirələrdə İsrailə və qonşu dövlətlərə yarana biləcək təhlükələr də önə çəkilir. İranın Pakistan və Hindistanla müqayisə edilməsi fonunda nüvə silahlarının yayılmaması haqqında müqavilədən çıxmaq ehtimalı da müzakirə olunur. İranın zənginləşdirilmiş uran ehtiyatı 440,9 kiloqrama çatıb. Uranın zənginləşdirilmə səviyyəsinin 90 faizə yüksəldilməsi nüvə silahı hazırlamaq üçün istifadə oluna bilər. Bu səbəbdən İranın nüvə proqramının inkişafı beynəlxalq təhlükəsizlik baxımından ciddi müzakirə mövzusu olaraq qalır.


Ekspert hesab edir ki, İran düşünür ki, ölkənin təhlükəsizliyini gücləndirmək və mümkün hücumların qarşısını almaq üçün nüvə silahına ehtiyacı var. Halbuki keçmiş ali rəhbər Seyid Əli Xamenei 2013-cü ildə nüvə silahını və kütləvi qırğın silahlarını haram elan edən fətva vermişdi. Hazırda İranın nüvə siyasətində mümkün dəyişikliklər əvvəlki bəyanatlarla ziddiyyət təşkil edir və ölkənin nüvə silahı əldə etmək niyyəti ilə bağlı şübhələri artırır. Bu vəziyyət İranın müdafiə məqsədli nüvə siyasəti ilə bağlı açıqlamalarının beynəlxalq səviyyədə daha çox müzakirə olunmasına səbəb olur.


Arzum Ağazadə

#azərbaycan #nüvə #etdilər #koreya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər