00:00:00
Yazar
Zəhra Həsənova
27.10.2026 22:15 46 2 dəq oxuma
Siyasət

Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb - ŞƏRH

Tramp İranla atəşkəsi vaxt itkisi adlandırıb - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsi vaxt itkisi adlandırması onun İran siyasəti ilə bağlı konkret strategiyasının olmadığını gizlətmək cəhdi ola bilər. Bu barədə siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib.

 

Müsahibin sözlərinə görə, Tramp bu açıqlama ilə Amerika cəmiyyətinə İranla bağlı vəziyyətin nəzarət altında olduğu mesajını verməyə çalışır. O qeyd edib ki, seçki ərəfəsində ictimai rəy ABŞ prezidenti üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Tramp xarici siyasətin onun iradəsi əsasında həyata keçirildiyi görüntüsünü yaratmağa çalışır.

 

Müsahib bildirib ki, Tramp eyni zamanda İranla bağlı müxtəlif fəaliyyət variantlarının mövcud olduğu təsəvvürünü formalaşdırmaq istəyir. Lakin onun fikrincə, bu, ABŞ administrasiyasının İranla bağlı aydın fəaliyyət planının olmadığını ört-basdır etmək cəhdidir.

 

Aydın Quliyev vurğulayıb ki, İranla münaqişə ABŞ üçün arzuolunan nəticələr verməyib. Onun fikrincə, ABŞ ciddi itkilərlə üzləşib, ölkənin beynəlxalq nüfuzuna zərbə dəyib, İran isə öz mövqelərini möhkəmləndirməyə nail olub. O, həmçinin İran daxilində ABŞ və İsrail kəşfiyyatının əvvəlki imkanlarını qoruyub saxladığını iddia etməyin çətin olduğunu bildirib.

 

Müsahibin qənaətinə görə, Trampın açıqlamasının arxasında dayanan digər məqsəd atəşkəs qərarının məhz onun təşəbbüsü deyil, ətrafındakı şəxslərin məsləhət və tövsiyələri əsasında qəbul edildiyi görüntüsünü yaratmaqdır.

 

O qeyd edib ki, Tramp nə hərbi zərbələrlə, nə də atəşkəslə İranı istədiyi şərtlər əsasında danışıqlar prosesinə cəlb edə bilib. Onun sözlərinə görə, belə bir şəraitdə ABŞ prezidenti nəticəsiz hesab etdiyi atəşkəsin məsuliyyətindən yayınmağa çalışır.

 

Beləliklə, Trampın atəşkəslə bağlı açıqlaması həm Amerika cəmiyyətinə siyasi mesaj vermək, həm də İran siyasətindəki uğursuzluqların məsuliyyətini öz üzərindən götürmək məqsədi daşıya bilər.

Ada Hacızadə

#i̇ranla #yeni #tramp #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər