İran Hörmüz boğazına nəzarəti özündə saxlamaq istəyir
İranın Hörmüz boğazında etdikləri beynəlxalq hüquqa tam uyğundur, ABŞ-nin son hücumları isə BMT Nizamnaməsinin prinsiplərinə ziddir.
Bunu İran parlamentinin deputatı Həsən Qaşqavi deyib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsin yenidən pozulması müsbət hal deyil:
“Bu, regionda genişmiqyaslı qarşıdurma riskinin yenidən artdığını göstərir. Hazırda münaqişənin təsirlərinin Fars körfəzi ölkələrinə də yayılması ehtimalı güclənib. Xüsusilə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri potensial risk zonasına çevrilə bilər. İranın bu istiqamətdə verdiyi bəyanatlar, eləcə də ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr gərginliyi daha da artırır. Bütün bunlar bölgənin təhlükəsizliyi baxımından arzuolunan vəziyyət deyil. Hesab edirəm ki, tərəflər yenidən danışıqlar masasına qayıtmalıdır. Böyük Britaniya, Pakistan və digər vasitəçi dövlətlər diplomatik səyləri intensivləşdirərək münaqişənin siyasi yolla həllinə çalışmalıdırlar. Lakin mövcud vəziyyət göstərir ki, nə ABŞ, nə İran, nə də prosesdə iştirak edən digər tərəflər hazırda diplomatik həll variantına ciddi maraq göstərirlər. Hörmüz boğazına gəldikdə isə, İran burada nəzarət imkanlarını artırmağa çalışır. ABŞ isə bu mövqeni qəbul etmir və boğazın beynəlxalq dəniz yolu kimi açıq qalmalı olduğunu vurğulayır. Əslində, beynəlxalq hüquqa görə, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin sərbəstliyi təmin edilməlidir və ticarət gəmilərinin hərəkətinə maneə yaradılmamalıdır”.
Politoloq həmçinin bunu da qeyd edib ki, İran ABŞ ilə qarşıdurmadan sonra bu strateji keçid məntəqəsində təsir imkanlarını gücləndirməyə çalışır:
“ABŞ buna qarşı çıxır. Bu da göstərir ki, tərəflər arasında fikir ayrılığı davam edəcək və gərginliyin yaxın zamanda tam aradan qalxacağına dair nikbin proqnoz vermək çətindir. Əgər İran Hörmüz boğazını bağlamaq qərarı versə, bunun ciddi qlobal nəticələri olacaq. Bu marşrutdan istifadə edən ölkələrin ticarəti və enerji təchizatı zərər görəcək. Xüsusilə Fars körfəzindən neft idxal edən dövlətlər üçün böyük risk yaranacaq. Nəticədə dünya bazarında neftin qiyməti yüksələ, bir çox ölkələr iqtisadi və sosial problemlərlə üzləşə bilər. Məhz buna görə də istər böyük, istərsə də kiçik dövlətlər Hörmüz boğazının bağlanmasında maraqlı deyillər. Lakin mövcud reallıq onu göstərir ki, ABŞ-İran qarşıdurmasının yenidən hərbi müstəviyə keçməsi ehtimalı hələ də qalır”.
Güllər Gülhüseynova