İran Prezidenti fransalı həmkarı ilə olan telefon danışığının detallarını açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian Fransanın Prezidenti Emmanuel Makron ilə telefon danışığında bildirib ki, İran bu müharibəni başlatmayıb və ölkənin işğaldan müdafiə olunmaq hüququ var. O, ABŞ və İsrailin hücumlarının dayandırılmasını, regionda sülhün təmin olunmasını tələb edib və İranın təhlükəsizlik zəmanətləri verilmədən müharibənin davam edəcəyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, son günlər Almaniya, Böyük Britaniya və Kanada rəsmiləri məsələ ilə bağlı açıqlamalar veriblər:
"Yaxın Şərqdə və dünyada bir neçə münaqişə ocağı aktiv olaraq qalır. Rusiya–Ukrayna müharibəsi davam etdiyi kimi, Qəzza bölgəsində də vəziyyət gərgindir. Eyni zamanda, Livan-İsrail qarşıdurması da səngimir. İsrail ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir. İsrail Hizbullahın hərbi obyektlərini hədəfə alır, nəticədə Livanda mülki infrastruktur və əhali zərər görür. Buna cavab olaraq Hizbullah İsrail ərazisində mülki obyektlərə zərbələr endirir. Bu qarşıdurma tərəflər arasında gərginliyi daha da artırır".
Müsahib qeyd edib ki, İran-ABŞ və İran-İsrail münasibətləri əsas mövzulardan biridir:
"İran prezidenti Məsud Pezeşkianın Fransa prezidenti Emmanuel Makronla telefon danışığı Avropanın bu münaqişəyə yanaşmasını göstərən mühüm siqnal kimi qiymətləndirilir. Son günlər Almaniya, Böyük Britaniya və Kanada rəsmiləri məsələ ilə bağlı açıqlamalar veriblər. Onlar ABŞ-nin hərbi addımlardan əvvəl Avropa müttəfiqləri ilə məsləhətləşmədiyini vurğulayıblar. İspaniya isə İran–ABŞ qarşıdurmasına daha sərt mövqe sərgiləyərək ABŞ-nin addımlarını tənqid edib. Bu vəziyyət NATO daxilində də fikir ayrılıqlarını artırıb və alyansda müəyyən soyuqluq müşahidə olunur. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının qorunması üçün Avropa ölkələrini hərbi gəmilər göndərməyə çağırsa da, bu çağırışa ciddi reaksiya verilməyib. Bu isə tərəflər arasında etimadsızlığın dərinləşdiyini göstərir".
Müsahib bildirib ki, müşahidələr onu deməyə əsas verir ki, Avropa ölkələri münaqişədə neytral mövqeni qorumağa çalışır:
" İtaliya da bu xətti davam etdirən dövlətlər sırasındadır. Bununla yanaşı, bəzi ekspertlər bu cür neytrallığın NATO daxilində parçalanma riskini artırdığını qeyd edir. Hazırkı şəraitdə müharibənin qısa müddətdə başa çatacağı gözlənilmir. ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində İranda hərbi obyektlər hədəf alınır, həm hərbçilər, həm də mülki şəxslər arasında itkilər artır. Eyni zamanda, yaxın aylarda mümkün diplomatik təmaslar da diqqət mərkəzindədir. ABŞ rəhbərliyinin Çinə səfəri ehtimalı müzakirə olunur. Bununla yanaşı, Çinlə bəzi amerikalı rəsmilər arasında məhdudiyyətlər də qalmaqdadır. Bildirilir ki, ABŞ-nin dövlət olaraq yaranmasının 250 illiyi iyunun 4-də qeyd olunacaq. Bəzi proqnozlara görə, bu tarixə qədər münaqişələrin səngiməsi üçün diplomatik səylər arta bilər".
Səmayə Səftərova