İran: Səudiyyə Ərəbistanı ilə husilər arasında müharibə istəmirik
Yaxın Şərqdə Yəmən husiləri ilə Səudiyyə Ərəbistanı arasında gərginlik davam edir. İran tərəflər arasında mümkün qarşıdurmadan narahatlığını ifadə edərək problemin danışıqlar yolu ilə həllinə və əvvəl əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çağırıb. Tehran münaqişənin həlli istiqamətində vasitəçilik etməyə hazır olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, İranın müharibə əleyhinə bəyanatı diplomatik mövqeyini gücləndirmək və regional qarşıdurmanın mümkün mənfi nəticələrindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.
“İranın iki müsəlman ölkəsi arasında müharibə istəmədiyini bəyan etməsi Tehranın Yaxın Şərqdə artan gərginlik fonunda diplomatik mövqeyini ön plana çıxarmağa çalışdığını göstərir. Lakin bu açıqlamanı İranın regional siyasətində köklü dəyişiklik kimi qiymətləndirmək hələ tezdir. Çünki İranın bölgədəki siyasəti yalnız rəsmi bəyanatlarla deyil, həm də müxtəlif siyasi və hərbi qüvvələrlə münasibətləri, təhlükəsizlik maraqları və konkret addımları ilə müəyyən olunur”.
Ekspert qeyd edir ki, Tehran yaxşı anlayır ki, regionda yeni müharibənin başlanması onsuz da mürəkkəb vəziyyətdə olan iqtisadiyyatına və xarici əlaqələrinə əlavə problemlər yarada bilər. Bu baxımdan müharibə əleyhinə verilən bəyanat həm diplomatik təşəbbüs göstərmək, həm də mümkün qarşıdurmanın nəticələrindən uzaq qalmaq cəhdi kimi dəyərləndirilə bilər. İranın mövqeyində həqiqi dəyişiklik olub-olmadığını isə onun bundan sonrakı praktik addımları göstərəcək.
Züriyə Qarayevanın sözlərinə görə, İranın vasitəçilik təşəbbüsünə gəldikdə, burada əsas məsələ tərəflərin Tehrana nə dərəcədə etimad göstərməsidir. Vasitəçilik yalnız təklif irəli sürməklə nəticə vermir. Bunun üçün hər iki tərəfin razılığı, vasitəçinin qərəzsiz mövqeyi və əldə ediləcək razılaşmaların icrasına təminat mühüm əhəmiyyət daşıyır. İranın regiondakı bəzi qüvvələrlə yaxın münasibətləri onun müəyyən diplomatik kanallardan istifadə etməsinə imkan yaratsa da, eyni əlaqələr digər tərəfdə tərəfsizliklə bağlı suallar doğura bilər. Ona görə də, Tehranın vasitəçilik təklifinin real nəticə verməsi üçün ilk növbədə qarşılıqlı etimadı gücləndirən konkret addımlar atılmalıdır. Əks halda, bu təşəbbüs münaqişənin həllindən daha çox İranın diplomatik mövqeyini nümayiş etdirməyə xidmət edən bəyanat səviyyəsində qala bilər.
Arzum Ağazadə