00:00:00
Yazar
Aysel Mirzəyeva
28.02.2026 23:01 12 3 dəq oxuma
Siyasət Özəl

" İran uzun illərdir Livan, Suriya, İraq və Yəməndə təsir imkanları qurub " - ŞƏRH

" İran uzun illərdir Livan, Suriya, İraq və Yəməndə təsir imkanları qurub " - ŞƏRH

ABŞ və İsrailin İrana hücuma başlamasından sonra paytaxt Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İsrailin İrana qarşı başladığı və “Böyük Qəzəb” kimi təqdim olunan hərbi əməliyyat Yaxın Şərqdə onsuz da kövrək olan təhlükəsizlik balansını yeni mərhələyə keçirib:

“İranın müxtəlif şəhərlərinə zərbələr endirilməsi və İranın da cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi göstərir ki, qarşıdurma artıq proksi formatdan çıxaraq birbaşa dövlətlərarası eskalasiya səviyyəsinə yüksəlib. Bu prosesin regionda qüvvələr balansına ABŞ və İsraildə daxili siyasi dinamikaya və mümkün genişmiqyaslı müharibə riskinə təsiri çoxqatlıdır. Birinci növbədə, qüvvələr balansı baxımından əməliyyatın əsas məqsədi İranın strateji imkanlarını, xüsusilə raket infrastrukturu və nüvə proqramı ilə bağlı obyektlərini zəiflətməkdir. Əgər bu hədəflər qismən də olsa sıradan çıxarılarsa, İranın çəkindiricilik qabiliyyəti müvəqqəti olaraq azala bilər. Lakin bu, balansın tam dəyişməsi demək deyil. İran asimmetrik cavab mexanizmlərinə, uzaqmənzilli raketlərə, pilotsuz sistemlərə və regiondakı müttəfiq silahlı qruplara malikdir. Bu isə münaqişəni çoxsəviyyəli və uzanan xarakterə çevirə bilər. Nəticədə hərbi üstünlük qısa müddətdə ABŞ və İsrail tərəfində görünsə belə, orta və uzun müddətdə qeyri-sabit, dəyişkən balans formalaşa bilər”.

 

Həmçinin şərhçi qeyd edib ki, digər mühüm məsələ regiondakı təhlükəsizlik arxitekturasının transformasiyasıdır:


“İran uzun illərdir Livan, Suriya, İraq və Yəməndə təsir imkanları qurub. Bu təsir şəbəkəsi Tehranın strateji dərinliyini təmin edir. Əgər qarşıdurma genişlənərsə, həmin aktorların prosesə qoşulması ehtimalı olduqca böyükdür. Bu isə münaqişəni yalnız İran-İsrail xəttində deyil, daha geniş coğrafiyada çoxcəhətli toqquşmaya çevirə bilər. Belə vəziyyətdə Yaxın Şərqdə yeni təhlükəsizlik bloklaşmaları və hərbi ittifaqların möhkəmlənməsi mümkündür. Şübhəsiz ki, danışıqlar getdiyi bir vaxtda, xüsusilə də son Cenevrə görüşündə 2 martda Vyanada növbəti görüşün keçirilməsi haqqında qərarın qəbulu fonunda birdən-birə hərbi əməliyyatların başlanması ABŞ və İsraildə daxili siyasi faktorların da qərarların formalaşmasında rol oynadığını deməyə əsas verir. ABŞ-də təhlükəsizlik məsələləri hər zaman seçki siyasətinin mühüm komponentidir. İranın nüvə proqramı və regional təsiri ilə bağlı sərt mövqe ölkə daxilində müəyyən siyasi dairələr tərəfindən dəstəklənir. İndiki məqamda güc nümayişi həm beynəlxalq liderlik iddiasının qorunması, həm də daxili auditoriyaya mesaj kimi qiymətləndirilə bilər. İsraildə isə təhlükəsizlik diskursu siyasi gündəmin mərkəzində dayanır. İranın potensial nüvə imkanları və raket təhlükəsi İsrail ictimaiyyətində ekzistensial risk kimi təqdim olunur və hökumətin sərt addımlarına legitimlik qazandırır. Burada ən kritik məsələ genişmiqyaslı müharibə riskidir. Hazırkı dinamika eskalasiyanın açıq olduğunu göstərir. Birbaşa zərbələr və qarşılıqlı cavab hücumları təsadüfi insidentlərin və yanlış hesablamaların artmasına səbəb ola bilər. Eyni zamanda, tərəflərin hər ikisi tammiqyaslı regional müharibənin iqtisadi və siyasi nəticələrinin ağır olacağını anlayır. Bu səbəbdən qarşıdurma qısa müddətli, təqribən 10-15 gün olmaqla, lakin intensiv fazada saxlanıla bilər. Lakin, bayaq da qeyd edildiyi kimi, proksi qüvvələrin və ya üçüncü aktorların prosesə daxil olması vəziyyəti nəzarətdən çıxara bilər. Başqa sözlə desək, mövcud gərginlik Yaxın Şərqdə yeni və daha genişmiqyaslı müharibənin başlanğıc mərhələsinə çevrilə bilər”.


Aytac İbrahimova

#livan # #şərh #imkanları #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər