İran XİN: “Ali Rəhbər Müctəba Xameneinin səhhəti yaxşıdır və ölkədə vəziyyətə nəzarət edir”
Müctəba Xameneiin səhhəti və ölkədəki vəziyyətlə bağlı yayılan müzakirələr fonunda İran Xarici İşlər Nazirliyi rəsmi açıqlama verib. Qurumun rəhbəri bildirib ki, İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır və o, İran İslam Respublikasında baş verən proseslərə tam nəzarət edir. Açıqlamada qeyd olunub ki, ölkədə idarəetmə normal qaydada davam edir və dövlət strukturları sabit şəkildə fəaliyyət göstərir.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az” saytına açıqlamasında bildirib ki, İranın Xarici İşlər Nazirliyinin rəhbərinin açıqlaması əsasən ölkə daxilində və beynəlxalq mediada yayılan müxtəlif iddialara cavab xarakteri daşıyır:
“İran rəsmiləri göstərməyə çalışırlar ki, ölkənin ali siyasi rəhbərliyində hər hansı idarəetmə boşluğu yoxdur və dövlət sistemi sabit şəkildə fəaliyyətini davam etdirir. Bu açıqlama xüsusilə, ölkənin ali dini-siyasi lideri kimi təqdim olunan Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan müzakirələr fonunda ictimaiyyətdə yaranan sualları aradan qaldırmağa yönəlib. Bəyanatın əsas məqsədlərindən biri daxili və xarici auditoriyaya sabitlik mesajı verməkdir. İran kimi mürəkkəb siyasi sistemə malik ölkələrdə ali rəhbərliklə bağlı hər hansı qeyri-müəyyənlik tez-tez müxtəlif siyasi və geosiyasi spekulyasiyalara səbəb olur. Buna görə də rəsmi qurumlar belə hallarda idarəetmənin sabit və nəzarət altında olduğunu göstərməyə çalışırlar. Xarici İşlər Nazirliyinin açıqlamasında da məhz bu məqam vurğulanaraq bildirilir ki, dövlət institutları normal qaydada fəaliyyət göstərir və ölkədə siyasi idarəetmədə hər hansı problem yoxdur. Bu cür açıqlamalar İranın siyasi sisteminin xüsusiyyətləri ilə də bağlıdır. Ölkənin idarəetmə modelində ali dini lider dövlətin ən yüksək siyasi və ideoloji fiquru hesab olunur və onun mövqeyi ölkənin daxili və xarici siyasətinə birbaşa təsir göstərir. Bu səbəbdən ali rəhbərlə bağlı yayılan hər hansı məlumat təkcə ölkə daxilində deyil, regionda və beynəlxalq səviyyədə də diqqətlə izlənilir. Rəsmi qurumların açıqlaması isə bu cür məlumatların ölkədə siyasi sabitliyə təsir etməsinin qarşısını almağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Digər tərəfdən, İranın yerləşdiyi geosiyasi mühit də belə açıqlamaların əhəmiyyətini artırır. Regionda davam edən gərginliklər, xüsusilə, İsrail ilə münasibətlərdəki qarşıdurma və Yaxın Şərqdə davam edən münaqişələr fonunda Tehran rəhbərliyi ölkə daxilində güclü və sabit idarəetmə görüntüsünü qorumağa çalışır. Bu, həm daxili ictimai rəyə, həm də beynəlxalq aktorlara yönəlmiş siyasi mesaj kimi qiymətləndirilə bilər. Qısa olaraq desək, bu bəyanat İran hakimiyyətinin həm daxili sabitliyi qorumaq, həm də beynəlxalq ictimaiyyətə siyasi sistemin davamlı və nəzarət altında olduğu mesajını vermək cəhdi kimi qiymətləndirilə bilər”.
Cavahir Əsgərbəyli