İrana casusluq edən rusiyalı İsraildə saxlanılıb
İsraildə İran xüsusi xidmət orqanlarının maraqları naminə fəaliyyət göstərməkdə şübhəli bilinən Rusiya vətəndaşı həbs edilib. İstintaq materiallarına görə, o, İsrail limanlarında hərbi və mülki infrastrukturu gizli şəkildə çəkib.
"İnformator.az" xəbər verir ki, bu barədə İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polis məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Rusiya vətəndaşı Vitali Zvyagintsevdir.
İstintaqın məlumatına əsasən, Zvyagintsev İran xüsusi xidmət orqanlarının kuratorunun tapşırıqları ilə İsrail limanlarında infrastruktur obyektlərini və gəmiləri lentə alıb. O, 2025-ci ilin oktyabr ayından etibarən özünü “Roman” kimi təqdim edən şəxslə əlaqə saxlayıb və çəkilişləri “turist fəaliyyəti” adı altında həyata keçirib.
Bildirilir ki, tapşırıqların icrasına görə Zvyagintsev kriptovalyuta ilə ödəniş alıb.
