İranda gərginlik: daxili böhran dərinləşir
İranda daxili siyasi gərginlik və xarici təzyiqlər paralel şəkildə güclənir. Mövcud proseslər regionda təhlükəsizlik balansını yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirir ki, hazırkı vəziyyət sadəcə lokal qarşıdurma çərçivəsində qiymətləndirilə bilməz:
“Bugünkü proseslər təkcə İranın daxilində baş verən siyasi gərginliklə məhdudlaşmır. ABŞ və İsrail ilə artan qarşıdurma regionun ümumi təhlükəsizlik arxitekturasını dəyişdirə bilər. Əgər eskalasiya davam edərsə, bu, enerji bazarlarından tutmuş beynəlxalq nəqliyyat marşrutlarına qədər geniş təsir yaradacaq. Xüsusilə Hörmüz boğazı ətrafında hər hansı ciddi gərginlik qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər. İran daxilində hakimiyyət modeli hələ də struktur baxımından dayanıqlıdır, lakin təzyiqlər artır. İran dövləti uzun illər formalaşmış ideoloji və institusional sistemə malikdir. Bu sistem təhlükəsizlik strukturları, dini-siyasi idarəetmə mexanizmləri və mərkəzləşdirilmiş qərarvermə modeli üzərində qurulub. Ona görə də qısa müddətdə dağılma ssenarisi real görünmür. Ancaq iqtisadi çətinliklər, inflyasiya, işsizlik və beynəlxalq təcrid cəmiyyətdə narazılığı artırır və bu da hakimiyyət üçün əlavə daxili təzyiq yaradır. Beynəlxalq təzyiqlər Tehranın qərarlarını daha çox təhlükəsizlik yönümlü edir. İran hazırda həm diplomatik kanalları tam bağlamamaq, həm də hərbi gücünü nümayiş etdirmək arasında balans axtarır. Bir tərəfdən danışıqlar imkanını açıq saxlayır, digər tərəfdən isə raket proqramı və regional təsir mexanizmləri vasitəsilə çəkindirici mesaj verir. Bu, paralel strategiyadır və Tehran bununla həm daxili auditoriyaya, həm də xarici aktorlara siqnal göndərir”.
Ekspert hesab edir ki, genişmiqyaslı müharibə ssenarisi bütün tərəflər üçün risklidir:
“İran nə zəif, nə də təcrid olunmuş şəkildə müdafiəsiz dövlətdir. Ona qarşı açıq hərbi əməliyyat regionda uzunmüddətli xaos yarada bilər. Eyni zamanda İranın proksi qüvvələr vasitəsilə cavab vermə imkanları var və bu da qarşıdurmanı daha geniş coğrafiyaya yaya bilər. Proseslərin gələcək istiqaməti tərəflərin nə dərəcədə rasional qərarlar verməsindən asılı olacaq. Əgər diplomatik kanallar tam bağlanarsa və qarşılıqlı zərbələr davam edərsə, region yeni və daha təhlükəli mərhələyə keçə bilər. Amma nəzarətli gərginlik çərçivəsində kompromis imkanları hələ tam tükənməyib”.
Ayşə Müzəfərli
