Körfəz ölkələrindən İrana qarşı birgə hərbi cavab təhdidi
ABŞ və İran arasında gərginliyin yenidən artması ehtimalı Yaxın Şərqdə narahatlığı gücləndirib. Körfəz ölkələri İranın mümkün hücumlarına qarşı birgə hərbi cavab variantını müzakirəyə çıxarıb. “Wall Street Journal” qəzetinin məlumatına görə, Körfəz dövlətləri ərazilərinin və ya kritik infrastruktur obyektlərinin İran tərəfindən hədəfə alınacağı təqdirdə təkbaşına və ya birgə hərəkət edə biləcəkləri barədə xəbərdarlıq ediblər. Məlumata əsasən, region ölkələri ABŞ-nin İrana qarşı mümkün yeni hücumlarından sonra Tehranın Körfəz regionundakı iqtisadi və mülki infrastrukturu hədəfə ala biləcəyindən ehtiyatlanır.
Bu çərçivədə Qətər və Birləşmiş Ərəb Əmirlikləri təhlükəsizlik tədbirlərini gücləndirib. Mümkün hücum ssenarilərinə hazırlıq məqsədilə hava limanlarını da əhatə edən təlimlər keçirilib.
BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qərqaş diplomatik təşəbbüslərin nəticə verəcəyinə ümid etdiklərini, bununla yanaşı, ən pis ssenariyə də hazırlaşdıqlarını bildirib. Digər tərəfdən, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda irəliləyiş əldə olunmur. Tərəflər ABŞ-nin dəniz blokadası və İranın nüvə proqramı ilə bağlı məsələlərdə qarşılıqlı güzəştlərin ardıcıllığı barədə razılığa gələ bilmirlər. Xatırladaq ki, fevralın 28-də başlayan müharibə zamanı İran ABŞ və İsrailin hücumlarına cavab olaraq, ərazisində ABŞ hərbi bazalarının yerləşdiyi Körfəz ölkələrini də hədəfə alıb.
CNN Türk
Gülnar Mustafayeva