İsrail Cenindən geri çəkildi: TƏFƏRRÜATLAR
İsrail əsgərləri iki günlük mühasirədən sonra işğal altındakı İordan çayının qərb sahilində yerləşən Cenin şəhərindən və buradakı qaçqın düşərgəsindən geri çəkilib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, İsrail ordusunun nümayəndəsi Daniel Hagari Cenindəki bütün əsgərlərinin bölgədən çəkildiyini açıqlayıb. O, İsrail Ordusu Radiosuna bildirib ki, əməliyyatın məqsədlərinə nail olunub. Cenin Qaçqınlar Düşərgəsindəki terror infrastrukturu məhv edilib və 300-ə yaxın şübhəli saxlanılıb.
İsrail ordusuna məxsus tikinti texnikasının yollarda asfaltı məhv etdiyi və infrastruktura ciddi ziyan vurduğu müşahidə olunub. Bir sözlə, toqquşmalar nəticəsində şəhərə ciddi mənada ziyan dəyib. Verilən xəbərə görə, İsrail əsgərlərinin geri çəkilməsi ilə Cenində həyat yavaş-yavaş normallaşır. Hücumlar zamanı Cenin Qaçqınlar Düşərgəsini tərk etmək məcburiyyətində qalan fələstinlilər evlərinə qayıtmağa başlayıblar.
Xatırladaq ki, İsrail ordusu 3 iyul bazar ertəsi Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə basqın edərək bölgəni mühasirəyə alıb. İsrail qüvvələrinin 48 saat ərzində davam edən havadan və qurudan şiddətli hücumlarında 4 uşaq, 12 fələstinli şəhid olub. Eyni zamanda 20-si ağır olmaqla təxminən 120 nəfər yaralanıb. İsrail ordusu iki gündür mühasirədə saxladığı Cenin Qaçqınlar Düşərgəsində əsgərlərindən birinin öldüyünü də açıqlayıb.
Çərşənbə axşamı Cenevrədə mətbuat konfransı keçirən Birləşmiş Millətlər Təşkilatı (BMT) havadan və qurudan edilən hücumların böyüklüyü ilə bağlı narahatlığını ifadə edib. BMT sıx məskunlaşmanın olduğu bir əraziyə hava hücumlarının mülki şəxslərə zərər vurması riskinin böyük olduğunu bildirib. Fələstin Səhiyyə Nazirliyi hücumlarda ölənlər arasında 17 və 16 yaşlı iki yeniyetmənin olduğunu açıqlayıb. Nazirlik əlavə edib ki, 140-dan çox fələstinli yaralanıb və onlardan 30-nun vəziyyəti ağırdır. Fələstin Qızıl Aypara Cəmiyyəti isə döyüşlər davam edərkən, aralarında xəstələr və qocalar da daxil olmaqla təxminən 3 min nəfərin gecə düşərgəni tərk etməsinə icazə verildiyini bildirib.
Düşərgədən ailəsi ilə birlikdə əlil arabasında çıxan və başına gələnləri BBC-yə danışan bir şəxs bunları deyib: “Şərtlərimiz çox ağır idi. Pilotsuz təyyarə bizə hücum edirdi. Çox yorğun idik, suyumuz, yeməyimiz bitmişdi”.
Aydan Qasımova
