00:00:00
Yazar
Ayşən Səlimova
16.03.2026 18:37 15 3 dəq oxuma
Dünya

İsrail Ordusu: İranda əməliyyatları ən azı daha üç həftə davam etdirəcəyik

İsrail Ordusu: İranda əməliyyatları ən azı daha üç həftə davam etdirəcəyik

İsrail Ordusunun sözçüsü, briqada generalı Effie Defrin bildirib. Qeyd edilib ki, həmin əməliyyatlar çərçivəsində minlərlə hədəfə zərbələr endiriləcək: “Bundan sonra isə üç həftədən də artıq dövrü əhatə edən daha geniş planlarımız var”.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, İsrailin uzun müddətli əməliyyat planı Yaxın Şərqdə münaqişə riskinin yayılmasına səbəb ola bilər:

 

 

“Bu, konkret olaraq son günlər İsrail ilə Livan arasında olan qarşıdurmada, daha doğrusu müharibədə də müşahidə olunur. Bu qarşıdurmanın başqa coğrafiyalara da yayılmaq ehtimalı var. Körfəz ölkələri hələlik İrana qarşı hansısa əməliyyatlardan çəkinirlər. Amma savaş davam edərsə və onların ərazilərində yerləşən obyektlərin vurulmasını İran dayanmazsa, o halda mümkündür ki, bu ölkələr də hansısa formada münaqişəyə cəlb olunsunlar və qarşılıq versinlər. Yəni bütün hallarda savaşın uzanması riskləri artırır. Üstəlik də Çinin və Rusiyanın mövqeləri ilk baxışda loyal görünsə də, hər halda onlar da bu münaqişənin bir formada iştirakçısına çevrilə bilərlər. Açıq şəkildə olmasa da, birbaşa olmasa da, dolayısı ilə İranı dəstəkləməklə bu münaqişədə iştirak etmiş olurlar. Bu isə əlbəttə ki, başqa münaqişələri və başqa gərginlikləri də təsir edə bilər. Ümumiyyətlə savaşın uzanması Yaxın Şərqdə sonu görünməyən bir müharibənin yaranması deməkdir. Hazırda tərəflər bir formada müqavimət göstərirlər və bir-birlərinə zərbələr endirirlər. İran demək olar ki, ABŞ və İsrail hücumlarına rəğmən, xüsusilə, mühüm dövlət obyektlərinin və hərbi bazaların vurulmasına baxmayaraq, öz asimmetrik müqavimətini davam etdirir. Raketlərdən və dronlardan istifadə etməklə həm İsrailə, həm də Amerikaya zərər yetirə bilir. Odur ki, savaşın uzanması dağıntıların artmasına və qarşıdurmanın daha da dərinləşməsinə gətirib çıxaracaq. Əlbəttə, savaş davam etdikcə İran da müqavimətini davam etdirir. Hətta artıq onlar bəyan edirlər ki, heç bir danışıqlara getməyəcəklər. Çünki bu danışıqların mənası yoxdur. Müdafiə olunmaq üçün də hər cür imkanlarının olduğunu bildirirlər. Yəni söhbət onların əks zərbələr vurmaq imkanlarından gedir. İsrailə və Amerikaya zərər yetirmək üçün raketlərə, xüsusilə, hipersəs raketlərinə sahib olduqlarını vurğulayırlar. Bu silahlarla onlar da qarşı tərəfə ciddi ziyan yetirə bilirlər. Region ölkələrinə gəldikdə isə, hələlik onların əksəriyyəti bu savaşa qoşulmaq istəmir və savaşın dayanmasında maraqlıdır. Ancaq İranın yaxın müttəfiqləri artıq müəyyən formada prosesə qatılırlar. Məsələn, Hizbullahın İsrailə qarşı ciddi şəkildə savaşdığını görürük. Ola bilər ki, yaxın günlərdə Husi hərəkatı da bu prosesə qoşulsun və İraq ərazisindəki İran tərəfdarı qruplar da münaqişənin tərəfinə çevrilsinlər. Hər halda savaş uzandıqca eskalasiya riskləri artmaqda davam edir. Bu hərbi əməliyyatların davam etməsi enerji bazarına da çox ciddi zərər vurur. Son günlər neftin qiymətinin bahalaşdığını görürük. Dünya neft bazarına Körfəzdən neftin gəlməməsi və bu istiqamətdə olan münaqişə təbii ki, bazara mənfi təsir edir. Enerji bazarında narahatlıqlar artır. Xüsusilə, Körfəzdən neft alan ölkələr Yaponiya, Çin, Cənubi Koreya və digərləri, o cümlədən enerji idxalından ciddi şəkildə asılı olan Avropa ölkələri bu enerji böhranından ciddi şəkildə əziyyət çəkə bilərlər. Zatən Avropa iqtisadiyyatı son vaxtlar ciddi problemlərlə üzləşir. İndi isə Hörmüz boğazının bağlanması ehtimalı və neft bazarındakı vəziyyətin kəskinləşməsi bu regiona və dünya iqtisadiyyatına daha mənfi təsir göstərə bilər. Hər halda savaş davam edərsə, enerji böhranının da davam etməsi və dünya iqtisadiyyatına ciddi zərər vurulması qaçılmaz olacaq”.

 

Selcan Xudiyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər