İsrail Qəzzada HƏMAS-ın kəşfiyyat binasını vurub
Qəzza zolağı uzun illərdir blokada altındadır və zaman-zaman İsrail tərəfindən bombardmanlara və hərbi əməliyyatlara məruz qalır. Bu əməliyyatlar daha çox “lokal hərbi əməliyyatlar” kimi xarakterizə oluna bilər, nəinki genişmiqyaslı müharibə.
Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”-a bildirib ki,hazırda HƏMAS-la baş verən münaqişə müasir dövrün ən dolaşıq və qeyri-ənənəvi müharibələrindən biridir. Faktiki olaraq bu vəziyyəti tam anlamıyla “müharibə” adlandırmaq çətindir:
"Bu əməliyyatların nəticələri və baş verən hadisələr barədə dünya ictimaiyyəti dəqiq və obyektiv məlumat ala bilmir. Bunun əsas səbəblərindən biri İsrailin bölgədə informasiya məhdudiyyəti və ciddi media senzurası tətbiq etməsidir. Jurnalistlər üçün Qəzzada fəaliyyət göstərmək təhlükəli olduğundan bu münaqişə zamanı indiyə qədər 100-dən çox jurnalist həyatını itirib. Bu da onu dünyanın jurnalistlər üçün ən təhlükəli münaqişə zonalarından birinə çevirir.
İsrail tərəfi mediaya dörd saatlıq nəzarət altında Qəzzaya daxil olmağa icazə verib, lakin bu, obyektiv və geniş məlumat əldə etmək üçün kifayət deyil. Nəticədə bölgədə baş verənlərin reallığı barədə bizdə tam aydınlıq yoxdur”.
Həmçinin politoloq bu mövzu haqqında açıqlayıb ki,İsrail hərbi əməliyyatlar zamanı bildirir ki, vurulan obyektlərin altında HƏMAS-a məxsus hərbi infrastruktur yerləşir:
“Qəzzada yerləşən 46 xəstəxanadan 44-nün vurulduğu və hər birinin altında HƏMAS-ın qərargahlarının yerləşdiyi iddia olunur. Aydındır ki, bu iddia məntiqi baxımdan suallar doğurur – hər bir xəstəxananın altında hərbi qərargahın yerləşməsi real görünmür. Burada ya məlumat qıtlığı var, ya da İsrail tərəfi bəzi zərbələrə bəraət qazandırmaq üçün bu arqumentdən istifadə edir. Bu suallara cavab tapa bilmirik, çünki bölgədən müstəqil informasiya çıxışı çox məhduddur.
Digər tərəfdən, İsrailin dəqiq hədəf alma qabiliyyəti əvvəllər bir neçə dəfə sübut olunub. Məsələn, Livanda Hizbullaha qarşı, İranda isə HƏMAS və ya digər hərbi-siyasi fiqurlara qarşı həyata keçirilmiş zərbələr, eləcə də yaxın günlərdə bəzi yüksək rütbəli şəxslərin hədəf alınması bunu təsdiqləyir. Bu da göstərir ki, İsrailin texniki və kəşfiyyat baxımından yüksək dəqiqliyə malik imkanları var.
Ancaq hazırda Qəzzada baş verənlərdə nə qədər mülki şəxs həlak olub, həqiqətən orada hansı rəhbərlik hədəfə alınıb və ya hansı tunellər, qərargahlar olub – bunları dəqiq bilmirik. Bu səbəbdən də hücumların əsas mahiyyəti və hədəfləri barədə dünya ictimaiyyəti tam aydın məlumat əldə edə bilmir.
Digər tərəfdən, beynəlxalq aləmdə İsrailin əməliyyatlarına qarşı ciddi reaksiya formalaşır. Beynəlxalq Qızıl Xaç Komitəsi artıq humanitar fəlakət riski barədə xəbərdarlıq edir. Bir sıra Qərb ölkələri, o cümlədən Britaniya, Fransa, Belçika və Kanada Fələstini tanımağa hazır olduqlarını bildiriblər. Bu isə İsrailin əsas müttəfiqləri arasında da parçalanma olduğunu göstərir.
ABŞ-də ictimai rəy dəyişməkdədir. Əvvəllər İsrailə dəstək 60-70% olduğu halda, bu gün bu rəqəm 30%-ə qədər enib. Bu dəyişikliklər İsrailə qarşı beynəlxalq təzyiqləri daha da artıracaq.
Bütün bu faktorlara baxmayaraq, hələlik İsrailin son hərbi əməliyyatlarının konkret nəticələri barədə əlimizdə etibarlı və müstəqil məlumat yoxdur”.
Cavahir Əsgərbəyli