İsrailə zərbələr dayandırılıb!
Yəmənin “Ənsərullah” hərəkatının lideri Əbdülməlik əl-Husi İsrailin Qəzza zolağında atəşkəs razılaşmasına əməl etdiyi müddətcə İsrail ərazisinə zərbələrin, eləcə də Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların dayandırılmasını əmr edib.
Bu barədə TASS-a hərəkatdakı mənbə bildirib.
“Qəzzada müharibənin aktiv fazası başa çatdığından, İsrailə və əlaqəli ticarət gəmilərinə qarşı bütün əməliyyatlar dayandırılır. Husi lideri İsrailin razılaşmanın şərtlərinə əməl etməsinə nəzarət etməyi tapşırıb. Yəmənin fələstinliləri dəstəkləmək üçün gələcək addımları bundan asılı olacaq”, - o deyib.
Qeyd edək ki, Qəzzada atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib.
Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərq hazırda böyük bir sülhün astanasında olsa da, tarixi müqayisəli kontekstdə baxdıqda görmək olur ki, bu bölgədə sülh hər zaman şərti xarakter daşıyıb:
“Buna görə də hazırkı cəhdlərin qalıcı və uzunmüddətli sülhə çevriləcəyi hələ də şübhə altındadır”.
Politoloq qeyd edib ki, İsrail-Fələstin münasibətləri kontekstində husilərin mövqeyinə gəldikdə isə, onlar Yəməndə bütün elektoratın və ya əhalinin tam dəstəyi ilə hakimiyyətə gəlmiş bir təşkilat deyil:
“Husilər əsasən xarici, xüsusilə də İranın dəstəyi sayəsində Ərəb baharından sonra Yəməndə hakimiyyəti ələ keçirib və bununla da Yəmən dövlətçiliyinə ciddi zərbə vurublar. Bu gün husilər Yəmən xalqının deyil, daha çox İranın iradəsi ilə qərarlar qəbul edən bir təşkilata və hakimiyyət strukturuna çevriliblər. Ona görə də husilərin bundan sonrakı davranışları yalnız özlərindən deyil, həm də onları maliyyələşdirən, silahla təmin edən və ideoloji rəhbərlik edən xarici qüvvələrdən asılıdır.
Hazırda Misirdə keçirilməsi planlaşdırılan geniş əhatəli sülh konfransında müəyyən qərarların qəbul ediləcəyi gözlənilir. Amma burada İranın iştirak etməməsi artıq əvvəlcədən husilərin davranışlarını, eləcə də mümkün sülh prosesini pozacaq qüvvələrin mövcudluğunu göstərir.
Bu baxımdan husilərin Yaxın Şərqdə düşünüldüyü qədər güclü təsir imkanına malik olmadığı aydın görünür. Bununla belə, bəzən müəyyən qüvvələr onları güclü bir hərbi-siyasi mərkəz kimi təqdim etməyə çalışır. Bu da bəzi hallarda İsrailin maraqlarına uyğun gəlir. Çünki husilərin yaratdığı təhlükə fonunda İsrail öz müdafiə addımlarını legitimləşdirir. Həmçinin bəzi hallarda müharibələrin davam etməsi üçün süni güc mərkəzləri təqdim olunur. Halbuki bu qüvvələri təsirsizləşdirmək çox vaxt mümkündür. Amma bunu etmirlər, çünki bəzən güclü tərəflərin öz maraqları zəif tərəflərin bu cür fəaliyyətinin davam etməsindən faydalanır.
Yəmənin Yaxın Şərq proseslərində dövlət kimi davranmasını görmək üçün orada legitim əsaslarla yeni hakimiyyətin formalaşması vacibdir.Əks təqdirdə, husilərin fəaliyyəti ölkənin mövqeyini təmsil etmir və onların hərəkətlərinə siyasi qiymət vermək mümkün olmur”.
H. Babaoğlu son olaraq açıqlamasına əlavə edib ki, Qırmızı dənizdəki hücumlara gəldikdə isə, husilərin müxtəlif ölkələrin su nəqliyyat vasitələrinə hücumları aydın şəkildə görünür:
“Lakin Qərb dövlətlərinin bölgəyə münasibəti hələ də klassik yanaşma çərçivəsindədir və çox vaxt yalnız “kosmetik” xarakter daşıyır. Bu isə real vəziyyəti dəyişmir.
Çünki Qərbin Yaxın Şərqə, xüsusilə Qüds, Fələstin və İsrail məsələlərinə münasibəti artıq illərdir formalaşmış, sabit və özünəməxsus bir platforma üzərində oturuşmuş münasibətdir”.
Ləman Mahmudlu
