İtaliyada hökumət daşqınlar səbəbilə "fəlakət vəziyyəti" elan edəcək
İtaliyanın mərkəzi və şimal bölgələrində Emilia Romagna bölgəsində leysan yağışlardan sonra meydana gələn sel fəlakəti səbəbilə hökumətin "fəlakət vəziyyəti" elan edəcəyi bildirilib.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, həftənin əvvəlində başlayan leysan yağışları nəticəsində çayların daşmasına, insan itkisinə səbəb olan sel fəlakəti ölkə gündəmindəki yerini qoruyur. Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi Gilberto Pichetto bir radio kanalına verdiyi açıqlamada daşqından ciddi zərər çəkən bölgədə fəlakət vəziyyəti elan edəcəklərini bildirib. O, 6 aylıq yağışın 36 saatda yağmasının nadir bir hadisə olduğunu və bölgəyə dəyən zərərin bir neçə milyard avro olduğunu qeyd edib.
Qeyd edək ki, İtaliya mətbuatında yer alan xəbərlərə görə, təbii fəlakətdə ölənlərin sayı 13-ə yüksəlib. Daşqın səbəbindən didərgin düşənlərin sayı 20 mini keçib. Daşqın səbəbindən bölgədə 23 çayın daşdığı, 280 nöqtədə sürüşmənin baş verdiyi, 400 yolun nəqliyyata bağlandığı, 50 min insanın işıqsız qaldığı bildirilib.
