Kanalizasiya problemi: Şəhər infrastrukturunda təhlükə
Kanalizasiya sistemlərində yaranan nasazlıqlar həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi risklər yaradır. Xüsusilə, şəhər ərazilərində bu problem tez-tez daşqınlara, xoşagəlməz qoxuya və sanitar vəziyyətin pisləşməsinə səbəb olur.
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, şəhərin əsas infrastruktur elementlərindən biri kanalizasiya sistemidir:
“Bu sistem normal işləmədikdə, ciddi problemlər və fəsadlar yaranır. Xüsusilə, çirkli suların axıdılması və idarə olunmaması həm sanitar, həm də ekoloji baxımdan təhlükəlidir. Məsələn, bəzi hallarda ət emalı obyektlərinin tullantı suları kanalizasiya sisteminə qarışır. Bu sular isti hava şəraitində asfalt üzərində yayıldıqda antisanitar mühit yaradır və insan sağlamlığı üçün risklər formalaşdırır. Eyni zamanda, bu tullantılar lazımi qaydada təmizlənmədən su hövzələrinə, o cümlədən Xəzər dənizinə axıdılır, bu da ekoloji tarazlığa ciddi zərər vurur. Digər problem isə şəhərin mövcud kanalizasiya sisteminin faktiki əhali yükünə uyğun olmamasıdır. Bakı şəhəri üçün nəzərdə tutulan sistem daha az əhali sayına hesablanıb, lakin hazırda əhali sayı bundan xeyli çoxdur. Bu isə boruların yüklənməsinə, tez-tez nasazlıqlara və sızmalara səbəb olur. Bundan əlavə, bəzi hallarda xəstəxana tullantıları və digər təhlükəli maddələr də ümumi kanalizasiya sisteminə qarışır. Bu isə sanitariya qaydalarının pozulması və yoluxucu risklərin artması deməkdir. Sızmalar nəticəsində bu çirkli suların digər su ehtiyatlarına qarışma ehtimalı da mövcuddur. İqlim şəraiti də vəziyyəti daha da çətinləşdirir. İsti havada buxarlanma artır, nəticədə,a xoşagəlməz qoxular və əlavə gigiyenik problemlər yaranır. Bütün bu amilləri nəzərə alaraq, Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulmasına ciddi ehtiyac var. Xüsusilə, böyük diametrli kollektorların inşası, müasir təmizləmə qurğularının yaradılması və tullantıların ayrılıqda emalı vacibdir. Bu proses mərhələli şəkildə həyata keçirilə bilər, lakin gecikdirilməməlidir. Bu istiqamətdə əsas qərarverici qurumlardan biri olan Nazirlər Kabineti vasitəsilə kompleks tədbirlərin görülməsi zəruridir. Problemin vaxtında həlli gələcəkdə daha böyük fəsadların qarşısını ala bilər”.
Cavahir Əsgərbəyli