“Kart sisteminə tam keçid olmadan nəqliyyatda güzəşt tətbiq etmək çətindir” - Ekspert
“Kart sisteminə tam keçid olmadan nəqliyyatda güzəşt tətbiq etmək çətindir” - Ekspert
Nazirlik tələbələr üçün ictimai nəqliyyatda 10 faiz güzəşt tətbiq olunmasının mümkünlüyünü açıqlayıb. Bildirilir ki, güzəştin tətbiqi mexanizmi və əhatə dairəsi üzərində müzakirələr aparılır və qərar qəbul olunacağı təqdirdə minlərlə tələbə üçün nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Rəsmilər qeyd ediblər ki, əsas məqsəd gənclərin sosial rifahını yaxşılaşdırmaq və onların təhsil xərclərini azaltmaqdır.
Mövzu ilə bağlı Leyla Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tələbələr üçün 10 faiz güzəştin tətbiqi onun aylıq xərclərinə müəyyən qədər təsir göstərə bilər:
“Düşünürəm ki, belə bir güzəşt tətbiq olunarsa, aylıq nəqliyyat xərclərim bir qədər azalacaq. Bu da tələbə üçün müəyyən mənada dəstəkdir. Universitetə hər gün gedib-gəlirik və buna görə də nəqliyyat xərcləri yığılaraq ay ərzində kifayət qədər məbləğ edir. Bu baxımdan hər hansı güzəşt tələbələrin büdcəsinə müsbət təsir göstərə bilər”.
Aytac Mehdiyeva “İnformator.az”a qeyd edib ki, ictimai nəqliyyatda tələbələr üçün mümkün 10 faiz güzəşt tətbiq olunarsa, bu onun aylıq xərclərinə müəyyən qədər təsir göstərə bilər, amma daha çox gündəlik planlaşdırma və qənaət tələb olunacaq:
“Hazırda ay ərzində nəqliyyata xərclədiyim məbləğ fərqlidir, bəzən həftə ərzində avtobus və metroya çox pul gedir. 10 faiz güzəşt xərcləri tamamilə azaltmasa da, müəyyən qədər rahatlıq gətirəcək. Amma mən düşünürəm ki, tələbələrin gündəlik xərclərini azaltmaq üçün əlavə təşəbbüslər, məsələn, paket biletlər və ya daha böyük endirimlər də olmalıdır. 10 faiz güzəşt əlbəttə ki, faydalıdır, amma daha effektiv dəstək üçün aylıq bilet və ya müəyyən kateqoriyalarda daha yüksək endirimlərin tətbiqi tələbələrin büdcəsinə daha çox kömək edər”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda güzəşt məsələsi yalnız tələbələri deyil, digər sosial kateqoriyaları da əhatə edə bilər:
“Burada təkcə tələbələr yox, həm də təqaüdçülər və müxtəlif kateqoriyadan olan insanları nəzərə almaq olar. Hazırkı şəraitdə avtobuslarda belə güzəşt mexanizmini tətbiq etmək praktiki baxımdan çətindir. Çünki avtobusların hamısı kart sisteminə keçməyib. Ödənişlər kart sistemi ilə olanda bu mexanizmi qurmaq mümkündür. Kart sisteminə tam keçid təmin olunmadan güzəştin tətbiqi qarışıqlıq yarada bilər. İndi bir az pərakəndə olacaq. Bəziləri deyəcək ki, filan avtobusda istifadə etdim, başqası etiraz edəcək ki, mən də filan avtobusda alınmadı. Çünki orada nağd ödənişdir. Vətəndaş sürücüyə izah edəcək, sürücü qəbul edəcək və ya etməyəcək, nəticədə, konfliktlər yarana bilər”.
Elməddin Muradlı, həmçinin qeyd edib ki, mövcud şəraitdə güzəştin tətbiqi metroda mümkündür, lakin bu da bütün nəqliyyat problemini həll etmir:
“Bu gün praktika olaraq metroda bunu etmək mümkündür. Amma metro ilə də bütün məsələlər həll olunmur. Ona görə düşünürəm ki, yalnız kart sisteminin tam tətbiqini gözləmək lazımdır. Sistem işə düşdükdən sonra bu mövzuda addım atmaq olar”.
Fatimə Hüseynli
