Karta gələn “sürpriz” pul: yeni kiber dələduzluq üsulu
Son dövrlərdə vətəndaşların bank kartlarına naməlum mənbədən pul köçürülməsi halları artıb. İlk baxışda bu, “şanslı qazanc” kimi görünsə də, əslində yeni bir dələduzluq mexanizminin tərkib hissəsidir.
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, naməlum pul gəlibsə, ona toxunmamaq və dərhal banka bildirmək lazımdır:
“Bu sxemdə dələduzlar müxtəlif üsullardan - fişinq linklər, saxta zənglər, zərərli tətbiqlər və ya SMS təsdiq kodlarının ələ keçirilməsi yolu ilə vətəndaşın kartına və ya mobil bank hesabına çıxış əldə edirlər. Daha sonra həmin karta müxtəlif mənbələrdən vəsait daxil edilir və bu pullar çox qısa müddət ərzində digər hesablara köçürülür. Nəticədə kart sahibi özü də bilmədən bu cinayət zəncirinin bir hissəsinə çevrilir. Belə hallarda vətəndaşların ən çox etdiyi səhv vəziyyəti adi “səhv köçürmə” kimi qəbul etmələridir. Bəziləri düşünür ki, pul yanlışlıqla daxil olub və onu geri qaytarmaq lazımdır, digərləri isə ümumiyyətlə buna ciddi yanaşmır. Halbuki bu əməliyyatlar artıq sistemdə şübhəli maliyyə dövriyyəsi kimi qeydə alınır. Bu isə o deməkdir ki, şəxs bilmədən belə əməliyyatda iştirak etdikdə, sonradan hesabı bloklana və ya araşdırmaya cəlb oluna bilər”.
Mütəxəssisin sözlərinə görə, sələduzlar bu sxemlərdə məlumatları əvvəlcədən ələ keçirirlər:
“Ən çox rast gəlinən üsullar fişinq saytlar, saxta bank mesajları, “kampaniya qazandınız” tipli linklər və ya telefon vasitəsilə özünü bank əməkdaşı kimi təqdim edən şəxslərdir. İstifadəçi kart məlumatlarını və ya SMS təsdiq kodunu paylaşdıqdan sonra hesab üzərində nəzarət zəifləyir və dələduzlar bundan sui-istifadə edirlər. Belə vəziyyətlə qarşılaşan şəxslər üçün ən vacib qayda karta daxil olan naməlum vəsaitə toxunmamaq və heç bir köçürmə əməliyyatı aparmamaqdır. Ən düzgün addım dərhal bankla əlaqə saxlayaraq vəziyyəti bildirməkdir. Bank əməliyyatı araşdırır və zəruri hallarda müvafiq tədbirlər görür. Əgər vətəndaş özü bu vəsaiti başqa hesaba yönləndirərsə, artıq riskli vəziyyətə düşür. Bu səbəbdən belə hallarda emosional deyil, soyuqqanlı və düzgün qərar vermək son dərəcə vacibdir”.
Arzu Poladova