00:00:00
Yazar
Səadət Əlizadə
09.04.2026 17:18 31 2 dəq oxuma
Sosial

Ödənişli təhsil sistemi: hüquqlar, güzəştlər və reallıqlar

Ödənişli təhsil sistemi: hüquqlar, güzəştlər və reallıqlar

Son günlər ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsi ilə bağlı müxtəlif məsələlər yenidən gündəmə gəlib. Xüsusilə, “dövlət sifarişi” anlayışının tətbiqi və onun hüquqi çərçivəsi ətrafında suallar artmaqdadır.
Bununla yanaşı, ödənişli əsaslarla təhsil alan tələbələrin hüquq və öhdəlikləri, eləcə də bu sahədə tətbiq olunan qaydalar bir çoxları üçün hələ də kifayət qədər aydın deyil. Mövcud mexanizmlər, güzəşt imkanları və ödəniş siyasətinin şəffaflığı ilə bağlı müzakirələr aktuallığını qoruyur.

 

Mövzu ilə bağlı “İnformator.az”a təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, Azərbaycanda təhsil haqqından azad olma və ya güzəştlər əsasən sosial kateqoriyalara (şəhid ailələri, məcburi köçkünlər, əlilliyi olan şəxslər və s.) yönəlib:


​“Bu qruplar üçün mexanizm dövlət səviyyəsində çox effektiv işləyir və ödəniş birbaşa dövlət büdcəsindən qarşılanır.
​ Lakin heç bir sosial kateqoriyaya aid olmayan, lakin qəfil maliyyə çətinliyi ilə üzləşən "orta təbəqə" tələbələr üçün vahid qanunvericilik bazası yoxdur. Burada hər şey universitetin daxili siyasətindən asılıdır. Bəzi universitetlər ödənişi 4-10 hissəyə bölməyə icazə versə də, bəziləri semestrin əvvəlində tam ödəniş tələb edir ki, bu da təhsilə davamiyyətə mənfi təsir göstərir".


Əlavə olaraq Aytac İsmayılova “Real dəstək, yoxsa gələcək yük?” sualına da cavab verib. O bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaradılması Azərbaycanda ali təhsilin maliyyələşməsində inqilabi addım hesab oluna bilər:


​“Sosial kredit- aşağı gəlirli ailələrin övladları üçün nəzərdə tutulub, faiz dərəcəsi minimaldır (2%)və tələbə təhsil aldığı müddətdə ödəniş etmir.
​Standart Kredit isə daha geniş kütlə üçün nəzərdə tutulub (6% ətrafında).
​Sistem çox funksionaldır, çünki girov və zamin tələb etmir. Lakin əsas "reallıq" məzun olduqdan sonra başlayır. Əgər tələbə ixtisası üzrə iş tapa bilmirsə, bu kredit onun ilk ciddi borc yükünə çevrilir. Sistemin ən böyük üstünlüyü isə akademik müvəffəqiyyəti təşviq etməsidir, yaxşı oxuyan tələbələr üçün faizlərin silinməsi və ya əsas borca güzəştlər tətbiq olunur”.

 

Nəticə olaraq bildirilib ki, universitetlər öz xərclərini və gəlirlərini balanslaşdırmaq üçün qiymətləri müəyyən meyarlara görə təyin edirlər:

“Bura müəllim heyətinin əməkhaqqı, binanın saxlanma xərcləri və maddi-texniki baza (laboratoriyalar və s.) daxildir. Məsələn, tibb və mühəndislik ixtisasları laboratoriya tələb etdiyi üçün daha bahadır. Hüquq və ya İqtisadiyyat kimi ixtisaslarda tələb çox olduğu üçün universitetlər qiymətləri daha yüksək tutmağa meyillidirlər.
​Təəssüf ki, Azərbaycanda ali təhsil müəssisələrinin maliyyə hesabatlılığı "açıq məlumatlar" səviyyəsində deyil. Tələbə ödədiyi 2000-4000 AZN-in nə qədərinin onun təhsil keyfiyyətinə (məsələn, kitabxana fondu, proqram təminatı, beynəlxalq bazalara çıxış), nə qədərinin isə inzibati xərclərə getdiyini dəqiq görə bilmir”.


Səadət Əlizadə

#sistemi: #xəbər #güzəştlər #ödənişli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər