Ünvan səhvi, əlavə xərc: Taksi xidmətlərində problem böyüyür
Son dövrlərdə taksi xidmətlərinin keyfiyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə, sərnişinlərin qeyd etdiyi ünvanlara düzgün aparılmaması və ya xəritə tətbiqlərindən düzgün istifadə etməməsi tez-tez müzakirə olunur.
Bu hallar həm əlavə vaxt itkisinə, həm də maliyyə baxımından sərnişinlərin zərər görməsinə səbəb olur. Mövcud nəzarət mexanizmlərinin effektivliyi və sərnişin hüquqlarının qorunması məsələsi isə açıq sual olaraq qalır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, naviqasiya sistemlərindən düzgün istifadə və onların təşkili artıq taksi şirkətlərinin məsuliyyəti hesab olunur və bu sahədə əsas nəzarət də məhz onların üzərinə düşür:
“Şirkətlər bu məsələyə ciddi yanaşmalı, sürücülərin düzgün ünvan seçimi və naviqasiya vasitələrindən səmərəli istifadə etməsini təmin etməlidirlər.
Əgər sərnişinlər belə hallarla qarşılaşarlarsa, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Bu zaman vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istehlakçı kimi şikayət edə, eyni zamanda baş verən məsələ ilə bağlı taksi operator şirkətinə də məlumat verə bilərlər”.
Əlavə olaraq “İnformator.az” sürücü və sərnişinlərdən də sorğu alıb.
Daim naviqasiya proqramından istifadə edən Cəsur Əliyev bildirib ki, ünvanın düzgün göstərilməməsi bir sıra ciddi problemlərə səbəb olur:
“Xüsusilə, Bakı kimi tıxaclı şəhərdə bu hal həm vaxt itkisinə, həm də yol hərəkətinin çətinləşməsinə gətirib çıxarır. Tıxaclar səbəbindən sürücülərin istədiyi ünvana vaxtında çatması daha da çətinləşir.
Bundan əlavə, ünvanın səhv göstərilməsi sürücüləri çaşdıra bilər ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Naviqasiya proqramında ünvan düzgün olmadıqda sürücünün diqqəti daha çox telefona yönəlir və bu da qəza şəraitinin yaranmasına səbəb ola bilər.
Bu baxımdan ünvanların dəqiq və düzgün qeyd olunması həm vaxt itkisini azaltmaq, həm də yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün vacibdir”.
Daim taksidən istifadə edən Fidan Tağıyeva isə bildirib ki, bir dəfə dostları ilə birlikdə taksidən istifadə edərkən ünvanın düzgün seçilməməsi səbəbindən yanlış istiqamətə gediblər:
“Eyni adlı məkanın fərqli ərazilərdə yerləşməsi bu qarışıqlığa səbəb olub. Nəticədə həm vaxt itkisi yaşanıb, həm də əlavə ödəniş etmək məcburiyyətində qalıblar.
Onun sözlərinə görə, bu hadisə göstərir ki, sifariş zamanı ünvanın daha dəqiq yoxlanılması və xəritənin əvvəlcədən diqqətlə nəzərdən keçirilməsi olduqca vacibdir”.
Səadət Əlizadə