Kimlərə yeni işə başlayanda altı aydan tez məzuniyyət verilir?
Qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, Qanunvericiliyə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ, bir qayda olaraq, əmək müqaviləsi bağlandıqdan sonra altı ay işlədikdən sonra yaranır:
“Lakin qanunvericiliklə müəyyən edilmiş bəzi hallarda işçilərə altı ay işləmə müddəti tamam olmadan da əmək məzuniyyəti verilə bilər. Bu kateqoriyalara hamiləliyə və doğuşa görə məzuniyyətə çıxan qadınlar, 18 yaşına çatmamış işçilər, müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra üç ay ərzində işə qəbul olunan şəxslər, əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə çalışan işçilər, hərbi qulluqçunun arvadı (əri), təhsil müəssisəsində oxuyan və imtahan, kurs işi, diplom işi və digər tədris məsələləri ilə bağlı məzuniyyətə ehtiyacı olan şəxslər, əlilliyi olan şəxslər, eləcə də təlim-tədris prosesində iştirak edən pedaqoji işçilər daxildir. Bu şəxslər altı ay tamam olmadan da əmək məzuniyyəti hüququ əldə edirlər”.
Hüquqşünasın sözlərinə görə,digər işçilər üçün isə əmək məzuniyyəti hüququ, əsasən, altı ay işlədikdən sonra yaranır və bu müddət başa çatdıqdan sonra işçi ərizə əsasında işəgötürənlə razılaşdırılmış vaxtda məzuniyyətə çıxa bilər:
“Əgər işçi altı ay işləmədən əmək məzuniyyətindən istifadə edib və həmin iş ili başa çatmamış əmək müqaviləsinə xitam verilirsə, istifadə etdiyi məzuniyyət günlərinin faktiki işlədiyi müddətə uyğun olmayan hissəsinə görə ödənilmiş məzuniyyət haqqı hesablaşma zamanı işçidən tutula bilər. Yəni, işçinin məzuniyyət hüququ faktiki işlədiyi müddətə uyğun hesablanır, artıq istifadə etdiyi günlərə görə ödənilmiş məbləğ isə son hesablaşma zamanı qanunvericiliyə uyğun qaydada tutulur”.
Selcan Xudiyeva