Köhnə binalarda lift təhlükəsizliyi -sakinlərin gündəlik riski
Şəhərin müxtəlif ərazilərində yerləşən köhnə çoxmərtəbəli binalarda yaşayan sakinlər üçün liftlər artıq rahatlıq vasitəsindən çox potensial təhlükə mənbəyinə çevrilib. Tez-tez nasaz vəziyyətdə olan, qapıları düzgün bağlanmayan, texniki baxışı illərlə aparılmayan liftlər xüsusilə yaşlılar, uşaqlar və yuxarı mərtəbələrdə yaşayan ailələr üçün ciddi problem yaradır. Sakinlərin sözlərinə görə, bəzən liftlər günlərlə işləmir, bəzən isə işlək vəziyyətdə olsa belə istifadə etmək qorxulu olur.
Köhnə bina sakini Afər Hüseynova qeyd edib ki, mən bir sakin kimi deyə bilərəm ki, lift problemi bizim üçün həmişə olub:
“Bəzən lift günlərlə işləmir, xüsusilə, yuxarı mərtəbələrdə yaşayanlar üçün bu çox çətin olur. Yaşlılar var, uşaqlı ailələr var - pilləkənlə düşüb-çıxmaq hamı üçün asan deyil. Son illər bəzi binalarda liftlər dəyişdirilib, bu yaxşı haldır. Amma hələ də köhnə liftlər çoxdur. Təmir edirlər, bir müddət işləyir, sonra yenə xarab olur. Dövlətin bu işə pul ayırdığını görürük, amma düşünürəm ki, bina sakinləri olaraq biz də bir az məsuliyyət götürməliyik. Axı liftdən istifadə edən elə özümüzük. Əgər binada hamı az-az vəsait versə, lift vaxtında təmir olunar, təmiz saxlanar və daha uzunömürlü olar. Həm də hər şeyə görə dövlətə baxmaq düzgün deyil. Bina bizimdir, ona görə də qayğısını birlikdə çəkməliyik”.
Əmlak eksperti Elnur Azadov bildirib ki, əslində lift problemi hər zaman mövcud olub:
“Bu məsələ həm sovet dövründə, həm Sovet İttifaqı dağıldıqdan sonra, həm də bu gün aktual olaraq qalır. Baxmayaraq ki, son illərdə dövlət vasitəsilə ciddi tədbirlər görülüb. Xüsusilə, son 10 il ərzində çoxsaylı yaşayış binalarında - əsasən doqquzmərtəbəli binalarda - dövlət balansında olan liftlər yenilənib. Bununla belə, bəzi binalarda köhnə liftlər hələ də qalmaqdadır. Onlar vaxtaşırı təmir olunsa da, bu sahəyə kifayət qədər böyük həcmdə dövlət vəsaiti xərclənir və əsaslı təmir olunan liftlər belə 10 ildən sonra yenidən aşınma ilə üzləşir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunması ilə bağlı ayrıca fəsil mövcuddur. Əslində binanın konstruktiv elementlərinin dayanıqlığı, onun uzunömürlülüyü və texniki vəziyyəti birbaşa həmin binada yaşayan mülkiyyətçilərdən asılıdır. Yeni tikililərdə idarəetmə və nəzarət mexanizmləri müəyyən qədər formalaşıb, sakinlərdən idarəetmə haqqı toplanır və ümumi əmlakın daha az aşınmasına çalışılır. Liftlərin istismar xərcləri tam şəkildə dövlətin üzərində qaldıqca onların daha tez sıradan çıxması problemi də davam edəcək. Hər bir bina özünüidarəetmə prinsipini formalaşdırmalıdır. Dünyanın bir çox ölkəsində bu sistem məhz belə işləyir və bu, bizim qanunvericilikdə də öz əksini tapıb. Təbii ki, bütün xərclərin birdən-birə vətəndaşların üzərinə qoyulması narazılıq yarada bilər. Amma ən azı liftlərin istismar, cari təmir və aşınma xərclərinin bina sakinləri arasında tənzimlənməsi daha səmərəli nəticə verə bilər”.
Cavahir Əsgərbəyli
