Könüllülər və tələbələr üçün icbari sığortada yeni mexanizm: hüquqi müdafiə güclənir
Könüllülərə istehsalat təcrübəsindəki tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq. Milli Məclisin iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Mövzu ilə bağlı vəkil Elvin Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, dəyişiklik könüllülər və təcrübədə olan tələbələr üçün icbari sığorta mexanizmini dəqiq tənzimləyərək onların sosial müdafiəsini gücləndirir:
Müzakirəyə çıxarılan qanuna təklif olunan dəyişikliklər sosial müdafiə sisteminin əhatə dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin əsas yeniliklərindən biri könüllülər, istehsalat təcrübəsində olan tələbələr və peşə təhsili alan şagirdlər üçün icbari sığorta haqqının ödənilməsi mexanizminin qanunvericilikdə dəqiq tənzimlənməsidir.
Bu dəyişiklik ilk növbədə uzun müddətdir mövcud olan hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir. Çünki qeyd olunan şəxslər faktiki olaraq istehsalat prosesində iştirak edir, müxtəlif risklərlə üzləşirlər. Lakin sığorta münasibətlərinin tətbiqi və sığorta haqqının ödənilməsi mexanizmi kifayət qədər konkret tənzimlənmədiyindən praktiki çətinliklər yarana bilirdi. Təklif edilən dəyişiklik bu boşluğu aradan qaldıraraq sığorta təminatının daha effektiv tətbiqinə hüquqi zəmin yaradır”.
Vəkil qeyd edib ki, qanun layihəsi sığorta haqqının ödənilməsi müddətini dəqiqləşdirərək hüquqi mübahisələrin qarşısının alınmasına və sığorta olunanların hüquqlarının daha etibarlı qorunmasına xidmət edir:
“Bu layihəsinə əsasən, könüllülər üzrə sığorta haqqı müqavilə qüvvəyə mindikdən, istehsalat təcrübəsində olan tələbə və şagirdlər üzrə isə təcrübə başladıqdan sonra müəyyən edilən müddətdə ödənilməlidir. Bununla da, sığorta münasibətlərinin başlanma anı və tərəflərin məsuliyyəti daha aydın müəyyən olunur. Bu yanaşma gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına və zərərçəkən şəxslərin hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir”.
Vəkilin sözlərinə görə, bu yenilik sığorta təminatını və tələbə, şagirdlərlə könüllülərin sosial müdafiəsini gücləndirəcək:
“Layihənin digər mühüm yeniliyi birdəfəlik sığorta ödənişinin verilməsi meyarının dəyişdirilməsidir. Əgər mövcud yanaşmada əsas meyarlardan biri əlilliyin müəyyən edilməsi idisə, yeni dəyişiklik peşə əmək qabiliyyətinin itirilməsi meyarını ön plana çıxarır. Bu, hüquqi baxımdan daha ədalətli yanaşmadır. Çünki istehsalat qəzası nəticəsində şəxs öz peşəsini icra etmək imkanını itirə bilər, lakin bu, hər zaman ona əlillik statusunun təyin olunması ilə nəticələnmir. Yeni mexanizm belə hallarda da sığorta təminatından istifadə imkanlarını genişləndirir.
Qanun layihəsinin praktik əhəmiyyəti yalnız sığorta ödənişlərinin təmin edilməsi ilə məhdudlaşmır. Dəyişikliklər işəgötürənlərin və təcrübənin təşkil olunduğu müəssisələrin məsuliyyətini artırır, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına daha ciddi əməl olunmasını stimullaşdırır. Bu isə istehsalat mühitində risklərin azaldılmasına və təhlükəsizlik standartlarının yüksəldilməsinə xidmət edəcək.
Eyni zamanda, bu yenilik istehsalat təcrübəsində olan tələbə və şagirdlərin, eləcə də könüllülərin sosial müdafiəsinə inamı artıracaq. Hüquqlarının qanunla daha etibarlı qorunduğunu bilən gənclərin təcrübə proqramlarında və könüllülük fəaliyyətində iştirakı üçün daha əlverişli hüquqi mühit formalaşacaq”.
E. Əliyev onu da vurğulayıb ki, bu dəyişikliklər sosial müdafiəni və hüquqi müəyyənliyi gücləndirəcək:
“Nəticə etibarilə, təklif olunan dəyişikliklər təkcə sığorta sisteminin texniki təkmilləşdirilməsi deyil, həm də sosial dövlət prinsipinin daha effektiv həyata keçirilməsinə xidmət edən mühüm hüquqi addımdır. Hesab edirəm ki, bu yeniliklər könüllülərin, tələbə və şagirdlərin hüquqlarının daha etibarlı qorunmasına, istehsalatda bədbəxt hadisələr zamanı sosial təminatın gücləndirilməsinə, eyni zamnda sığorta münasibətlərində hüquqi müəyyənliyin və ədalətli yanaşmanın təmin edilməsinə mühüm töhfə verəcək”

Mövzu ilə bağlı vəkil Mehman Muradlı da öz fikirlərini “İnformator.az” ilə bölüşüb. Vəkil qeyd edib ki, könüllü və istehsalat təcrübəsində olan tələbələr üçün icbari sığorta mexanizmi onların əmək stajının formalaşmasına və sosial sığorta yığımının başlanmasına imkan yaradır:
“Könüllü və istehsalat təcrübəsində olan tələbələr üçün icbari sığorta mexanizminin üstünlükləri ondan ibarətdir ki, tələbələr könüllü və ya istehsalat təcrübəsində olduqları müddətdə həmin dövr onların əmək stajına əlavə olunur.
Eyni zamanda, onlardan minimum əməkhaqqı məbləği əsasında dövlət sosial sığorta haqqı tutulur. Beləliklə, sosial sığorta yığımı da həmin müddətdən etibarən başlayır. Yəni burada əsas üstünlüklər həm əmək stajının formalaşması, həm də sosial sığorta yığımının başlanmasıdır”.

Aydan Əsgərxanlı