Kopenhagendən Vaşinqtona etiraz
Kopenhagen hökuməti bazar ertəsi bildirib ki, ABŞ prezidenti Qrenlandiyanı ABŞ-nin nəzarəti altına almaq məqsədilə Luiziana ştatının qubernatorunu xüsusi nümayəndə təyin etdikdən sonra Danimarkanın ərazi bütövlüyünə hörmət göstərilməlidir.
Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussenin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı Vaşinqtonun nəzarəti altına almaq üçün xüsusi nümayəndə təyin etməsindən sonra Danimarka bütün dövlətlərdən, o cümlədən ABŞ-dən ölkənin ərazi suverenliyinə hörmət etməyi gözləyir.
Rasmussen açıqlamasında qeyd edib ki, bu təyinat “ABŞ-nin Qrenlandiyaya davamlı marağını təsdiqləyir”, lakin Danimarka israr edir ki, “hamı -ABŞ də daxil olmaqla – Danimarka Krallığının ərazi bütövlüyünə hörmət göstərməlidir”.
Danimarka telekanalları TV2 və DR xəbər veriblər ki, Rasmussen daha sonra ABŞ-nin Kopenhagendəki səfiri Kenneth Howeryni Xarici İşlər Nazirliyinə görüşə çağıracağını bildirib.
“Biz bunu əvvəllər də demişik. İndi isə bir daha deyirik. Milli sərhədlər və dövlətlərin suverenliyi beynəlxalq hüquqa əsaslanır”, – Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət başçısı Jens-Frederik Nielsen birgə bəyanatda bildiriblər.
Qrenlandiyanın lideri Jens-Frederik Nielsen daha əvvəl “Facebook”da yazıb ki, yarımmuxtar Danimarka ərazisi “yenidən ABŞ prezidentinin yeni açıqlaması ilə oyanıb, lakin bu, bizim üçün daxildə heç nəyi dəyişmir”.
“Qrenlandiya qrenlandiyalılara məxsusdur və onun ərazi bütövlüyünə hörmət edilməlidir”, - Nielsen yazıb və əlavə edib ki, ərazi digər ölkələrlə əməkdaşlığa açıqdır, lakin bu, qrenlandiyalıların özlərinə və dəyərlərinə hörmət çərçivəsində olmalıdır.
Zəri Bayramlı
Mənbə:Euronews
