Kremlin Ukrayna planı: iki variant
Ukraynalı diplomat Roman Bessmertnının fikrincə, Kreml Ukraynanı ya ABŞ Prezidenti Donald Trampın vasitəsilə, ya da güc yolu ilə ələ keçirməyə çalışır və danışıqlarda konstruktiv mövqe tutmur. O bildirib ki, bu variantların hər ikisi Ukrayna Konstitusiyasına ziddir və hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi mümkün deyil.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukraynalı diplomat Roman Bessmertnının açıqlamasında müəyyən həqiqət payı var:
“Ümumiyyətlə bu böhranın uzanmasında ABŞ və Avropa İttifaqının anlaşmazlığı böyük rol oynayır. Təbiidir ki, Volodimir Zelenskinin müharibəni dayandırmaq istəyi birbaşa Avropa və ABŞ-nin əsas ideoloji siyasi institututlarının qərarına bağlıdır. Hesab edirəm ki, Rusiya və Ukrayna problemi birbaşa Yaxın Şərq siyasəti ilə bağlıdır. Yaxın Şərqdə ABŞ-nin əsas rolu ilə İsrailin məqsədlərinə nail olması üçün Rusiyanın əhəmiyyəti nəzərə alınaraq Ukrayna Moskvaya qurban verilir. Nəzərə alınır ki, Rusiya Şərqdə İsrailə maneə yarada biləcək dövlətlərin yanındadır. Yeni dünya düzəni deyilən layihənin əsas məqsədi ərəb Şərqini İsrailin təsirinə salmaqdır. İbrahim anlaşması da bu layihənin tərkib hissəsidir. Beləliklə ABŞ-nin Rusiyaya ciddi təsir etməməsi və əksinə Ukraynanı müəyyən qərarlara məcbur etmək cəhdləri onunla bağlıdır ki, Ukrayna iki yerə bölünəcək. Əsas hissə müəyyən müddətdən sonra Avropa İttifaqına üzv olaraq Qərbin, digər hissə isə Rusiyanın ələ keçirdiyi hissə olaraq Moskvanın tabeliyində qalacaq. Nəticədə Rusiya Yaxın Şərqdəki siyasətində ABŞ və İsraillə ortaq rola sahib olacaq. Müharibənin uzanması bütün bu proseslər vasitəsi ilə tam nəticəyə nail olmaq üçündür. Beləcə Ukraynanın NATO-nun üzvü olmaq məsələsi də sözü gedən prosesdən sonra həll olunacaq. Üzdə aparılan danışıqların əsas plana dəxli yoxdur”.
Mələk Hüseynova
