Küçədə siqaret çəkənlər hansı hallarda cərimələnə bilər?
Son vaxtlar küçədə siqaret çəkən bəzi vətəndaşlar qanunsuz şəkildə cərimələndiklərini iddia edirlər. Sosial şəbəkələrdə yayılan müzakirələr fonunda ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qaydaların necə tənzimləndiyi və hansı hallarda cərimənin tətbiq olunduğu yenidən gündəmə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, respublikanın şəhər, rayon polis orqanları tütün məmulatlarından istifadə qaydasına riayət olunması ilə bağlı mütəmadi monitorinqlər keçirir:
“Aidiyyəti qurumlarla birgə baş tutan tədbirlər zamanı fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də ümumi əhali arasında geniş izahat işləri aparılır. İctimai yerlərdə, bankomatların önündə, dayanacaqlarda, küçə və prospektlərdə, insanların sıx toplaşdığı ərazilərdə xüsusi ayrılan yerlər istisna olmaqla siqaret çəkən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbiri tətbiq edilir. Onu da qeyd edək ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda, görünən yerlərdə "Tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasının təmin edilməməsi, həmçinin tütün məmulatları tullantılarının ətraf mühitə atılması da inzibati məsuliyyət yaradır. Belə hallara yol verən şəxsləri polis əməkdaşları aşkar etdikdə barələrində inzibati protokol tərtib olunur. Tütün məmulatlarından yalnız urnaların yaxınlığında istifadə olunmalıdır ki, bu digər şəxslərin həyat və sağlamlığına zərər verməsin. Vətəndaşlara tövsiyə olunur ki, bu prosesə qoşularaq qanunamüvafiq qaydada tütün məmulatlarından istifadə ilə bağlı normalara əməl etsinlər”.
Səadət Əlizadə