Laçında qadınlar üçün Gilabi Yaradıcılıq Mərkəzi və Yurd Qalereyasına təcrübə səfəri təşkil olunub
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində iştirakçılar üçün Laçında fəaliyyət göstərən istehsal və sənətkarlıq məkanlarına təcrübə səfəri təşkil olunub.
Səfərin məqsədi qadınların peşə bacarıqlarının inkişafına dəstək vermək, onların yerli istehsal və sənətkarlıq sahələri ilə yaxından tanış olmalarını təmin etmək, gələcək fəaliyyətləri üçün yeni bilik və bacarıqlar qazandırmaq olub.
Təcrübə səfəri çərçivəsində iştirakçılar Laçın şəhərində fəaliyyət göstərən xalçaçılıq sexini, tikiş evini, Gilabi Yaradıcılıq Mərkəzini və Yurd Qalereyası incəsənət qalereyasını ziyarət ediblər. Qadınlar xalça toxuculuğu, tikiş və müxtəlif əl işlərinin hazırlanması prosesini canlı izləyərək ustaların iş prinsipləri və istehsal mərhələləri ilə yaxından tanış olublar.
Tikiş evində Laçında fəaliyyət göstərən qadınların hazırladıqları əl işləri, milli üslubda tikilmiş geyim və suvenirlər nümayiş etdirilib, məhsulların hazırlanması və satışa çıxarılması mexanizmləri haqqında məlumat təqdim olunub.
Gilabi Yaradıcılıq Mərkəzində iştirakçılar milli-mədəni irsimizi əks etdirən dekorativ əl işləri və sənətkarlıq nümunələri ilə tanış olublar. Burada məhsulların hazırlanma texnologiyası, dizayn xüsusiyyətləri və bazara çıxarılması imkanları barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qadınlar Yurd Qalereyası incəsənət qalereyasını da ziyarət edərək burada nümayiş olunan rəsm əsərləri, tətbiqi sənət nümunələri və Laçının zəngin mədəni irsini əks etdirən eksponatlarla tanış olublar. Qalereyada sərgilənən əsərlər iştirakçılarda yaradıcılığa marağın artırılması, milli sənət nümunələrinin qorunması və bu sahədə yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması baxımından böyük maraq doğurub.
Səfər zamanı müəssisələrin əməkdaşları iştirakçıların suallarını cavablandırıb, onlara peşə fəaliyyətinin təşkili, məhsulların hazırlanması, qablaşdırılması və satış imkanları ilə bağlı praktiki tövsiyələr veriblər.
Sonda iştirakçılar belə təcrübə səfərlərinin peşə bacarıqlarının inkişafı, yeni təcrübə və biliklərin əldə olunması, eləcə də gələcəkdə öz məhsullarını istehsal edib bazara çıxarmaq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayaraq təşkilatçılara təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, layihə çərçivəsində keçirilən təlim və təcrübə proqramları qadınların iqtisadi fəallığının artırılmasına, özünüməşğulluq imkanlarının genişlənməsinə və regionlarda dayanıqlı məşğulluğun inkişafına mühüm töhfə verir.


