Laçında toxuculuq üzrə növbəti təlim uğurla başa çatıb
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın şəhərində toxuculuq üzrə növbəti təlim keçirilib.
Təlimdə Laçın şəhəri, Sus və Bəylik kəndlərindən olan qadınlar iştirak edərək toxuculuq sənətinin incəlikləri ilə tanış olublar. Tədbirin əsas məqsədi iştirakçıların ənənəvi sənətkarlıq sahəsində bilik və bacarıqlarını artırmaq, onların gələcəkdə bu sahədən gəlir əldə etmələrinə dəstək göstərmək olub.
Layihə rəhbəri Nəsirova İradə çıxışında bildirib ki, toxuculuq Azərbaycan xalqının qədim sənət növlərindən biridir və bu sənətin yaşadılması, xüsusilə gənc nəsillərə ötürülməsi böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, layihə çərçivəsində qadınların peşə bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması da əsas hədəflərdəndir.
Təlim zamanı təcrübəli xanımlar toxuculuğun əsas texnikaları, istifadə olunan materiallar və müxtəlif məhsulların hazırlanma üsulları barədə ətraflı məlumat veriblər. İştirakçılar toxuculuq nümunələrinin hazırlanması prosesini yaxından izləyərək praktiki məşğələlərdə fəal iştirak ediblər.
Qadınlar öz təcrübələrini bölüşərək bildiriblər ki, bu sahədə qazandıqları bilik və bacarıqları digər xanımlara və gənclərə öyrətməyə hazırdırlar. Onlar bölgədə peşə yönümlü tədris imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq peşə məktəblərinin yaradılması ilə bağlı təkliflərini səsləndiriblər.
Praktiki hissədə iştirakçılara müxtəlif toxuculuq nümunələrinin hazırlanması nümayiş etdirilib, ilmələrin qurulması, naxışların işlənməsi və hazır məhsulun formalaşdırılması mərhələləri əyani şəkildə göstərilib. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.
Sonda qadınlar layihənin onların peşə inkişafına mühüm töhfə verdiyini qeyd edərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, əldə olunan bilik və bacarıqlar gələcəkdə ailə büdcəsinə əlavə gəlir qazandırmaqla yanaşı, qadınların cəmiyyətdə daha fəal rol almasına da imkan yaradacaq.


