00:00:00
Yazar
Admin User
24.04.2025 18:01 240 2 dəq oxuma
Dünya

Lavrov: Miqrantların azalması Rusiya iqtisadiyyatını təhdid edir

Lavrov: Miqrantların azalması Rusiya iqtisadiyyatını təhdid edir

"Miqrantların sayı azalsa, bu, Rusiya üçün təhlükə yarada bilər",- bunu Özbəkistanda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib. Lavrov qeyd edib ki, bu hal Rusiyanın iqtisadi inkişaf planlarını təhlükə altına sala bilər.

 

Mövzu ilə bağlı iqtisadçı Altay İsmayılov “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Özbəkistandakı bəyanatında dediyi fikir doğrudur:

 

"Həqiqətən də, Rusiya iqtisadiyyatı və əmək bazarı müəyyən səbəblərdən miqrantlardan asılıdır. Rəsmi statistikaya əsasən, Rusiyada təxminən 12 milyon miqrant yaşayır. Lakin bu rəqəm yalnız rəsmi göstəriciləri əhatə edir və real sayın daha yüksək olduğunu düşünürəm. Miqrantların əksəriyyəti əmək miqrantlarıdır. Onların böyük hissəsi Orta Asiya və Cənubi Qafqaz ölkələrindən gəlir. Rusiyanın demoqrafik vəziyyəti də bu asılılığın əsas səbəblərindən biridir. Son illərdə əhalinin artım faizi çox aşağıdır – doğumlar azalır, ölüm sayı isə artır. Bu səbəbdən demoqrafik strukturda yaşlanma prosesi getdikcə dərinləşir. Lavrovun dediyi fikir məhz bu real vəziyyəti əks etdirir.

 

Bu vəziyyət bəzi sahələrdə, xüsusilə fiziki zəhmət və aşağı əməkhaqqı tələb edən işlərə yerli əhalinin maraq göstərməməsi ilə əlaqədardır. Bu səbəbdən digər ölkələrdən, xüsusilə Orta Asiya və Cənubi Qafqazdan gələn insanlar tikinti, kənd təsərrüfatı və xidmət sahələrində çalışırlar. Bu sahələrdəki boşluqları məhz miqrantlar doldurur".

 

İqtisadçı əlavə edib ki, inkişaf etmiş Avropa ölkələrində də miqrantların sayı çoxdur və əgər bu proses düzgün idarə olunarsa, miqrantlar əmək bazarında mühüm rol oynaya bilərlər:

 

"Məsələn, daha aşağı maaşlarla işləyən əmək qüvvəsi iqtisadi baxımdan məqbul bir həll kimi görünə bilər. Lakin uzunmüddətli perspektivdə, xüsusilə Rusiya kimi siyasi qeyri-sabitlik və etnik gərginliyin mövcud olduğu ölkələrdə miqrantlara olan bu asılılıq ciddi təhlükələr yaradır və bu, normal bir vəziyyət deyil. Bu asılılıq tədricən aradan qaldırılmalıdır.

 

Rusiya isə bu məsələdə çətinliklərlə üzləşir. Əhalinin sayını artırmaq məqsədilə hökumət ailələrə dəstək verir, yeni doğulmuş uşaqlar üçün müxtəlif dövlət yardımları təqdim edir. Lakin bu cür tədbirlər uzunmüddətli dəyişikliklər yaratmaq baxımından hələ ki kifayət qədər effektiv deyil. Bu, Rusiya üçün asan olmayan bir prosesdir və ölkə miqrantların getməsini istəmir. Çünki mövcud asılılıq Rusiya üçün həm də ciddi təhlükə yaradır".

 

Aytən Ağazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər