Lukaşenkodan Maduraya mesaj: Dialoq mümkündürmü?
Belarus Prezidenti Aleksandr Lukaşenko Venesuela lideri Nikolas Maduro ilə dialoqun mümkün olduğunu bildirib. Onun sözlərinə görə, Maduro Belarusa gəlmək istəsə, qapılar açıqdır, lakin bu mövzuda konkret danışıq olmayıb. Lukaşenko Maduronun güclü lider olduğunu və onunla razılığa gəlməyin mümkünlüyünü vurğulayıb.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Venesuela lideri Nikolas Maduro ilə dialoqun mümkünlüyü barədə açıqlaması ilk baxışdan sadə diplomatik jest kimi görünsə də, əslində bu bəyanat daha geniş geosiyasi məna daşıyır:
“ Lukaşenko bu açıqlaması ilə yalnız ikitərəfli münasibətlərə hazır olduğuna dair deyil, eyni zamanda beynəlxalq güclərə də mesaj göndərir. Bu açıqlamanın əsas ünvanlarından biri şübhəsiz ki, ABŞ və Avropa İttifaqıdır. Qərbin sanksiya və siyasi təzyiqləri fonunda Lukaşenko Belarusun tam təcrid olunmadığını, alternativ tərəfdaşlarla dialoq imkanlarının mövcud olduğunu nümayiş etdirməyə çalışır. Maduro kimi Qərblə kəskin münasibətləri olan liderlə əməkdaşlıq mesajı, Qərbin sanksiya siyasətinin Minsk üçün həlledici olmadığını göstərmək məqsədi daşıyır. Digər tərəfdən, bu bəyanat Rusiya üçün də əhəmiyyətlidir. Venesuela Moskvanın Latın Amerikasındakı əsas müttəfiqlərindən biridir və Belarusun bu ölkə ilə yaxınlaşması Lukaşenkonun Rusiyanın geosiyasi xəttinə sadiqliyini bir daha təsdiqləyir. Belarus-Venesuela münasibətlərinin yeni mərhələyə keçməsi ehtimalı nəzəri baxımdan mümkün olsa da, praktik baxımdan məhduddur. Tərəflər arasında kənd təsərrüfatı texnikası, sənaye sahələri və siyasi-diplomatik əməkdaşlıq kimi istiqamətlərdə müəyyən imkanlar mövcuddur. Lakin coğrafi uzaqlıq, hər iki ölkənin iqtisadi çətinlikləri və beynəlxalq sanksiyalar bu münasibətlərin genişmiqyaslı və dərin iqtisadi tərəfdaşlığa çevrilməsini çətinləşdirir. Bu səbəbdən əməkdaşlıq olacaqsa bu daha çox simvolik və siyasi xarakter daşıyacaq. Maduronun Belarusa mümkün səfərinə gəldikdə isə bu, regional və qlobal siyasətdə də müəyyən təsirlər yarada bilər. Şərqi Avropa kontekstində bu addım Qərb-Belarus münasibətlərində gərginliyi artıra və Minskə qarşı siyasi mövqeləri daha da sərtləşdirə bilər. Latın Amerikası baxımından isə Maduro rejimi bu cür səfərlərlə beynəlxalq legitimlik görüntüsünü gücləndirməyə və Qərbdən kənar diplomatik manevr imkanlarını artırmağa çalışacaq. Ümumilikdə, Maduronun Belarusa mümkün səfəri və Lukaşenkonun açıqlamaları real geosiyasi balansı dəyişməkdən daha çox, mövcud qütbləşməni dərinləşdirən rəmzi və siyasi-psixoloji xarakter daşıyır. Odur ki, bu, sanksiyalar altında olan dövlətlərin bir-birinə siyasi dəstək nümayiş etdirməsi kimi qiymətləndirilə bilər”.
Mələk Hüseynova
