00:00:00
Yazar
Səadət Əlizadə
21.04.2026 19:57 31 2 dəq oxuma
Sosial

Məktəbdə aqressiya dalğası: problem haradan başlayır?

Məktəbdə aqressiya dalğası: problem haradan başlayır?

Məktəblərdə aqressiv davranışların artması şagirdlərin psixoloji vəziyyətinə və ümumi təhsil mühitinə mənfi təsir göstərən ciddi problemdir. Bu halın səbəblərini anlamaq və düzgün yanaşmalar müəyyən etmək vacibdir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, təkcə məktəblərdə deyil, ümumilikdə məktəb daxilində baş verən aqressiv halların bir çox səbəbləri ola bilər:


“Məktəb ümumi bir mühit kimi götürülsə də, bir uşağın daxili dünyasında problem varsa, bunu yalnız məktəbdə baş verən hadisələrlə izah etmək düzgün deyil. Bu davranışlar uşağın daxili emosional vəziyyəti, ailə şəraiti və digər faktorların birgə təsiri nəticəsində yaranır.
Uşaqlarda qəzəb və inciklik, xüsusilə, stresli vəziyyətlərdə, çox zaman aqressiya ilə ifadə olunur. Məktəbdə müşahidə olunan aqressiyanın səbəblərindən biri də məhz bu ola bilər. Digər tərəfdən, diqqət və sevgi çatışmazlığı, özünü ifadə edə bilməmək, ətraf mühit tərəfindən qəbul olunma ehtiyacı da bu cür davranışlara gətirib çıxarır. Aqressiya, əslində, uşağın “məni gör, eşit, anla” mesajını çatdırmaq üsuludur.
Əgər məktəbdə aqressiv davranışlar müşahidə olunursa, bunun kökündə təkcə məktəblə bağlı səbəblər dayanmır. Bu davranışların arxasında daha dərin faktorlar mövcuddur. Yəni məktəbdə baş verən aqressiv hallar uşağın daxili gərginliyinin göstəricisidir və bu, təkcə müəllim və ya məktəblə əlaqəli deyil. Əsas səbəb aradan qaldırılmadıqda, bu davranışlar həm məktəbdə, həm də cəmiyyətdə özünü göstərməyə davam edir”.


Əlavə olaraq psixoloq qeyd edib ki, əgər ailədə tez-tez mübahisə, şiddət və zorakılıq halları baş verirsə, uşaq bunu normal davranış kimi qəbul edir:

 

"Digər tərəfdən, həddindən artıq sərt və ya əksinə, sərhədsiz tərbiyə də aqressiyanın yaranmasına səbəb ola bilər. Bu zaman uşaq ya özünü müdafiə etmək üçün aqressiv olur, ya da sərhəd tanımamağı öyrənir.
Sosial media və texnologiyanın da bu davranışlara təsiri böyükdür. Əgər uşaq davamlı olaraq zorakılıq səhnələri izləyirsə və sosial şəbəkələrdə aqressiya adi bir hal kimi təqdim olunursa, insanlar buna laqeyd yanaşır və ya hətta bunu dəstəkləyirsə, bu davranışlar normallaşır. Eyni zamanda sosial mediada aparılan müqayisələr uşağın emosional gərginliyini artırır.
Nəticə olaraq, məktəbdə aqressiya yalnız pis davranış kimi qiymətləndirilməməlidir. Bu, çox vaxt uşağın daxili emosional çətinliklərinin göstəricisidir. Problemin həlli üçün həm ailə, həm məktəb, həm də sosial mühit birlikdə fəaliyyət göstərməlidir. Valideynlər övladlarının davranışlarına diqqət yetirməli, əgər həddindən artıq aqressiya və ya özünə qapanma müşahidə olunursa, mütəxəssisə müraciət etməlidirlər”.


Səadət Əlizadə

#dalğası: #başlayır? #azərbaycan #məktəbdə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər