Mətbuatın dili, xalqın kimliyi: Nəsir İmanquliyev irsi
Hər bir xalqın milli kimliyini, mədəniyyətini və tarixi yaddaşını yaşadan onun ana dilidir. Mətbuat isə ana dilinin cəmiyyət arasında yayılmasında, zənginləşməsində və normativlərinin qorunmasında ən güclü tribunadır. Azərbaycan mətbuat tarixinin görkəmli siması, professor Nəsir İmanquliyev redaktorluq və pedaqoji fəaliyyəti boyu ana dilinin saflığının qorunmasını, onun ifadə imkanlarından yerli-yerində istifadə olunmasını hər şeydən üstün tutmuşdur. O, hesab edirdi ki, jurnalistin əsas silahı və sənəti məhz dildir; dili səhv və ya qüsurlu istifadə edən qələm sahibi oxucunun initellektinə hörmətsizlik etmiş olur.
Nəsir müəllim rəhbərlik etdiyi redaksiyalarda – istər “Axşam”, istərsə də “Bakı” və “Baku” qəzetlərində gənc müxbirlərin və tərcüməçilərin yazdıqları mətnlərə zərgər dəqiqliyi ilə yanaşırdı. O, mətndəki lüzumsuz alınma sözlərin, süni terminlərin və ədəbi dil normalarına zidd olan ifadələrin qəti şəkildə əleyhinə idi. Gənc yazarların məqalələrini oxuyarkən hər sətrə diqqət yetirər, xalq danışıq dilinin şirinliyini, ana dilinin qrammatik zənginliyini mətnə ustalıqla daxil etməyi öyrədərdi. Onun tələbələrinə və redaksiya əməkdaşlarına tövsiyəsi bu idi ki, qəzet dili sadə, anlaşıqlı, lakin eyni zamanda yüksək ədəbi zövqə cavab verməlidir. O, oxucunun qəzeti oxuyarkən dili sevmsini, ana dilinin bütün incəliklərini dərk etməsini vacib sayırdı. Sovet imperiyasının ideoloji təzyiqləri dövründə belə rus dilinin təsirindən qorunan ana dilimizin mətbuat səhifələrində təmiz, qüsursuz şəkildə işlədilməsi üçün Nəsir müəllim misilsiz səylər göstərmişdi. O, həm də Universitetdə oxuduğu mühazirələrdə gələcək jurnalistlərə dilin qrammatik qaydalarını, üslubiyyatını və publisistik nitqin xüsusiyyətlərini dərindən aşılayırdı.
Nəsir İmanquliyevin bu prinsipləri sübut edir ki, əsl redaktor həm də xalqın dilinin qoruyucusudur. Bu gün də Azərbaycan media məkanında ana dilinin saflığından, dildən səliqəli istifadə olunmasından danışdıqda, ustadın qoyduğu dil siyasəti və redaksiya qaydaları ən etibarlı istinad nöqtəsi olaraq qalmaqdadır.
Nərmin Süleymanlı